ANA SƏHİFƏXƏBƏRLƏR
24.01.2020 17:10
Riyaziyyat və Mexanika İnstitutunda HORİZON 2020 proqramı ilə bağlı Məlumat Günü keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə Horizon 2020 proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən Məlumat Günü keçirilib.

Tədbiri AMEA Riyaziyyat və Mexanika Institutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq alimlərimizin dünya elminə inteqrasiyası istiqamətində Horizon 2020 proqramının əhəmiyyətindən danışıb. 

Sonra proqramın Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov çıxış edərək yeni layihə çağırışlarına qoşulmaq imkanları, layihələrin təqdim olunma qaydaları, riyaziyyatçı alimlərin "Horizon 2020"-də fəal iştirakı ilə bağlı tövsiyələrini səsləndirib, iştirakçıların suallarını cavablandırıblar. 

Sonda AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov məruzə edənlərə təşəkkür edib və riyaziyyatçı alimlərinin sözügedən Proqramda fəallığının artırılması məqsədilə Riyaziyyat və Mexanika İnstitutunda HORİZON 2020 üzrə qrup yaradılmasını təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020