Azərbaycan ilə Rusiya arasında elmi əməkdaşlıq perspektivləri müzakirə olunub
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli və Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin də iştirak ediblər.
Akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq Azərbaycan və Rusiya arasında xüsusən müstəqillik illərində yaradılan və bu gün də uğurla davam etdirilən əməkdaşlıq münasibətlərindən danışıb. O, iki ölkə arasında elm sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
AMEA rəhbəri son aylarda Akademiyada aparılan quruculuq işləri və islahatlar, prioritet istiqamətlərdə həyata keçirilən tədqiqatlar, eləcə də perspektivdə nəzərdə tutulan işlərdən danışıb. Alim fundamental və tətbiqi elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də əlaqələrin genişləndirilməsinə, o cümlədən beynəlxalq elmi qurumlarla səmərəli əməkdaşlığın təşkilinə böyük önəm verildiyini vurğulayıb. Rusiya arxivlərində, xüsusilə Sankt-Peterburqda Azərbaycana aid çoxsaylı əlyazmaların, kitab və qəzetlərin mövcud olduğunu deyən AMEA-nın prezidenti bu yaxınlarda Azərbaycan alimlərinin həmin muzeylərə ezam olunacağına dair qərar verildiyini diqqətə çatdırıb.
Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla Rusiya arasındakı dərin tarixi bağlılıqdan söz açıb, təmsil etdiyi ölkə tərəfindən ikitərəfli əlaqələrə böyük diqqət yetirildiyini vurğulayıb. Rusiya Elmlər Akademiyası, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar barədə məlumat verən M.Şvıdkoy bir sıra elmi-tədqiqat müəssisələri və universitetlərdə elm sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Qarşılıqlı əlaqələrin səmərəliliyinə diqqət yönəldən rəsmi qonaq Rusiyanın elmi müəssisələri, o cümlədən arxivlərində azərbaycanlı alim və mütəxəssislərin tədqiqatlar aparmaları üçün lazımi şəraitin yaradılacağını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında bir sıra ortaq elmi əməkdaşlıq məsələləri müzakirə edilib, mövcud əlaqələrin genişləndirilərək yeni tədqiqat və layihələrlə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.