ANA SƏHİFƏXƏBƏRLƏR
24.02.2020 17:45
AMEA və TÜBİTAK arasında birgə layihə müsabiqəsinə dair suallar cavablandırılıb

Fevralın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair növbəti maarifləndirici seminar keçirilib.

İnteraktiv şəraitdə baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək bildirib ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə mütəmadi olaraq birgə layihələr həyata keçirir. O, AMEA ilə TÜBİTAK tərəfindən artıq üçüncü müsabiqənin elan olunduğunu və bu dəfə akademiya ilə yanaşı, respublikanın digər elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələrindən də layihələrin qəbul ediləcəyini vurğulayıb.

Müsabiqənin 6 mart 2020-ci il tarixinədək davam edəcəyini deyən E.Əlirzayeva layihə təkliflərinin Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmasının zəruriliyinə toxunub, layihənin prioritet sahəni və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməli olduğunu bildirib. Qeyd edib ki, mövzunun adının seçilməsinə, eləcə də ərizə forması doldurulan zaman texniki şərtlərə (sənədlər, imzalar və s.) xüsusi diqqət yetirilməlidir. Alim qəbul olunan layihələrin texniki baxışdan keçdikdən sonra 4 kateqoriya üzrə qiymətləndirilmə üçün beynəlxalq ekspertlərə göndəriləcəyini və ən yüksək orta bal toplayan 3 layihəyə dəstək veriləcəyini deyib.

İdarə rəisi daha sonra ərizə formasının doldurulma qaydasını əyani nümayiş etdirib, sənədləşdirmə və digər məsələlərlə bağlı iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020