ANA SƏHİFƏXƏBƏRLƏR
09.04.2020 12:16
“Horizon 2020” proqramı üzrə onlayn toplantı təşkil edilib

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi dövründə Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə fəaliyyətini davam etdirir.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə MƏŞŞ üzvləri ilə Azərbaycanın elmi ictimaiyyətinin elan edilmiş və ya nəzərdə tutulmuş beynəlxalq layihələrə cəlb edilməsi yollarının müzakirəsi üçün onlayn toplantı təşkil edilib.

Toplantıda hazırkı vəziyyətdə “Horizon 2020” çərçivəsində yeni çağırışların elmi ictimaiyyətə çatdırılması, Azərbaycan alimlərinin layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb, distant seminar və vebinarların təşkili, o cümlədən elektron məlumatların yayılması üzrə razılıqlar əldə edilib.

Sosial izolyasiya və xüsusi karantin rejimi müddətində MƏŞŞ üzvlərinin onlayn toplantılarının mütəmadi olaraq keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020