ANA SƏHİFƏXƏBƏRLƏR
04.08.2020 12:17
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilir

4 avqust 2020-ci il tarixdə AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans öz işinə başlayıb.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, vitse-prezidentlər, akademiklər İradə HüseynovaRasim ƏliquliyevDilqəm Tağıyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin direktorları, bu sahə üzrə mütəxəssislər, xaricdə yaşayan azərbaycanlı alimlər, eləcə də bir sıra aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman general, zabit və əsgərlərimizin, eləcə də qüdrətli Ordumuzun şücaətini yüksək qiymətləndirib, konfrans iştirakçıları adından Ali Baş Komandana olan dəstəklərini ifadə edib.

Bəşəriyyətin zaman-zaman kataklizmlərlə müşayiət olunan bir sıra epidemiya və pandemiyalarla üzləşdiyini deyən akademik İ.Hüseynova bildirib ki, tarixdə dəfələrlə baş qaldıran və qurbanlarının sayının bir neçə yüz milyonu ötdüyü taun, vəba, ispan qripi, quş qripi, malyariya, ebola və digər xəstəliklərə XXI əsrin əvvəlində mənşəcə bir-birinə yaxın olan üç müxtəlif virus – SARS-CoV-1, MERS və SARS-CoV-2 (COVID-19) qoşulmuşdur. Vitse-prezident qeyd edib ki, ilk olaraq 2019-cu ilin dekabrın sonlarında Çinin Uhan şəhərində qeydə alınan və tezliklə bütün dünyada yayılan COVID-19 pandemiyası hətta aparıcı ölkələrin səhiyyə sistemini, iqtisadiyyatını və iş şəraitini, həmçinin müxtəlif elm sahələrini ciddi sınağa çəkmişdir.

Onun sözlərinə görə, martın 11-də pandemiya elan olunduqdan sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan xüsusi tədbirlər planı hazırlamış, karantin rejimi tətbiq etmiş və müxtəlif qabaqlayıcı işlər görməklə onun çoxalmasının qarşısını almışdır. İ.Hüseynova əlavə edib ki, Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ölkəmiz bir sıra dövlətlər üçün nümunə olmuşdur.

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində insanların sağlamlığının təmin olunması, eləcə də sosial rifahının yaxşılaşdırıması istiqamətində atılan addımlar öz real nəticələrini verməkdədir”, – deyə vurğulayan alim qeyd edib ki, bunun nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə az zərər görən ölkələr sırasındadır. Akademik İ.Hüseynova BTEB qarşısında pandemiya ilə əlaqədar mühüm vəzifələrin qoyulduğunu bildirərək, AMEA prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası məqsədilə akademiya mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələrində, eləcə də sosial platformalarda maarifləndirmə və təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov COVID-19 ilə bağlı aktual elmi-praktiki məsələlərin müzakirəsi məqsədilə təşkil olunan bu konfransın əhəmiyyətindən danışıb. O, COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir çox komitələrində iclasların keçirildiyini, birgə müzakirələrin aparıldığını, qanun layihələrinin hazırlandığını və ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsinin qəbul edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisi və AR Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır.

COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətin daima Səhiyyə Komitəsinin diqqət mərkəzində olduğunu söyləyən Ə.Əmiraslanov bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövründə Azərbaycanda virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin həyata keçirildiyini deyən Ə.Əmiraslanov qeyd edib ki, bu məqsədlə ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilib. O, həmçinin bildirib ki, Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb. 

Koronavirusa qarşı dərman preparatlarının hazırlanması istiqamətində vacib işlərin görüldüyünü vurğulayan akademik Ə.Əmiraslanov bu xəstəliyin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Komitə sədri koronavirusa qarşı dərman preparatlarının və vaksinlərin əldə olunması üçün bütün təşkilatların və tədqiqatçıların birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıb. “Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağa öyrənməliyik”, – deyə bildirən alim qeyd edib ki, tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik tələblərə əməl olunması ilə COVID-19-la daha asan mübarizə aparmaq mümkündür.

Tədbirdə Səhiyyə nazirinin müavini Rahim Əliyev də çıxış edərək COVID-19 pandemiyasının tibbi sosial problem olmaqla yanaşı, həm də böyük iqtisadi problem olduğunu deyib. Uzun illər dünyanın ayrı-ayrı ölkələri tərəfindən formalaşdırılmış iqtisadiyyatın qısa bir vaxt ərzində pandemiyanın təsirindən böyük zərərə uğradığını, on minlərlə insanın bu mübarizədə həyatını itirdiyini qeyd edib.

O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva öz çıxışlarında dəfələrlə pandemiyanın müxtəlif sferalara təsiri məsələsinə toxunublar: “Nəticə etibarı ilə son günlərdə yoluxmanın azalması hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatlar da yoluxma sayının azalmasına təsir edib.

Nazir müavini çıxışının sonunda bu kimi tədbirlərin keçirilməsinin önəmli olduğunu, alimləri bir araya gətirərək onlara öz tədqiqatlarını bölüşmək üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.

Toplantıda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla mübarizə tədbirləri və qarşıda görülməsi nəzərdə tutulan işlərdən danışıb. O, ölkəmizdə COVID-19 ilə mübarizəyə cəlb olunmuş həkimlər və tibbi personallara onlayn rejimdə, eləcə də canlı ünsiyyət vasitəsilə təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Ramin Bayramlı ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyalarının TƏBİB tərəfindən Azərbaycana gətirildiyini, hazırda 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər  Xəstəxanasında isə 2 ədəd yeni laboratoriyanın fəaliyyət göstərdiyini qeyd edib.

Bildirib ki, tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsi COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdəndir. R.Bayramlı xəstəxanaların əksəriyyətində bu sahədə ciddi boşluqların olduğunu deyib, mövcud problemlərin həll edilməsində Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

TƏBİB-in Elmi Komitəsi haqqında məlumat verən məruzəçi buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib: “Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirmiş, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə etmiş, müvafiq qərarlar qəbul etmişdir”.

“Elektron qeydiyyat sisteminin hazırlanması qarşımızda duran önəmli məsələlərdən biri idi”, - deyən TƏBİB rəsmisi xəstə sayının idarə olunmasında elektron idarəetmə sisteminin vacibliyindən danışıb: “Xəstəxanaların əksəriyyətində e-idarəetmə sistemi yox idi. Biz gündəlik olaraq funksionallığı təmin etmək üçün koronaviruslu pasiyentlərin, karantində olan şəxslərin, evdə müşahidəyə götürülən xəstələrin izlənilməsi, stasionardan kənar ölüm halları ilə bağlı məlumatların əldə edilməsi, eləcə də koronavirusa yoluxmuş tibb işçilərinin qeydiyyatının aparılması məqsədilə e-idaeəetmə proqramları hazırladıq. Bu proqramların sayəsində prosesləri operativ şəkildə idarə edə bilirik”.

O, həmçinin Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edildiyini vurğulayıb: “Bu da xalqın dövlət başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq nümayiş etdirdiyi həmrəyliyin nəticəsidir”.

R.Bayramlı koronavirusla bağlı tədqiqatların aparılması və vaksinin hazırlanması istiqamətində AMEA ilə sıx əməkdaşlığın son dərəcə vacib olduğunu deyib, bu prosesdə TƏBİB-in Elm və Təhsil Departamentinin xüsusi rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bütün dünyanın koronavirusla mübarizə dövündə olduğu bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda genetik xüsusiyyətləri nəzərə almaqla həlli yollarının təklif edilməsi çox vacib məsələdir.

Elxan Mikayılov bildirib ki, qlobal pandemiyanın ortaya çıxardığı mühüm məsələlərdən biri də insanların immun sisteminin gücləndirilməsidir. Qida Təhlükəsizliyi Agentliyi həm pandemiyadan əvvəlki dövrlərdə, həm də indiki karantin şəraitində insanlara düzgün və sağlam qidalanma vərdişlərini aşılamaq istiqamətində ciddi tədbirlər həyata keçirib.

Agentlik koronavirusun yayılmağa başladığı ilk gündən Operativ Qərargahla əməkdaşlıq edərək, xüsusilə ictimai iaşə, topdan və pərakəndə satış obyektlərində COVID-19 ilə mübarizədə profilaktik tədbirlərə dair metodiki göstərişlər hazırlayaraq ictimaiyyətə təqdim edib.

Digər vacib istiqamətin laboratoriya müayinələrinin aparılması olduğunu deyən E.Mikayılov Qida Təhlükəsizliyi Agentliyinin tərkibində hazırda 9 stasionar laboratoriyanın fəaliyyət göstərdiyini bildirib.

Məruzəçi bioloji blankların zərərsizləşdirilməsindən də söz açaraq, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində görülən işlər haqqında məlumat verib.

O, bildirib ki, COVID-19-a yoluxan, bu xəstəlikdən əziyyət çəkən insanların genetik kodunun oxunması, koronavirusun genetik kodunun mənşəyinin, onun mutasiyaya uğrayıb-uğramamasının müəyyənləşdirilməsi, eyni zamanda buna uyğun müalicə protokollarının təyin edilməsi məqsdəilə yeni layihə konsepsiyası hazırlanır: “Ümumiyyətlə bu sahədə elmi araşdırmalara çox ciddi ehtiyac var. Virusun qida məhsullarından insanlara keçib-keçməməsi, həmçinin heyvanlardan insanlara və ya əksinə insanlardan heyvanlara ötürülməsi ilə bağlı əlavə elmi araşdırılmaların aparılması zəruridir”.

Sonra AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, akademik Əli Abbasov çıxış edərək koronavirus üzərində tam qələbənin əldə edilməsi üçün böyük vaxtın tələb olunduğunu deyib. Qeyd edib ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələr yalnız düzgün qərarların qəbulu, müəyyən təşkilatı və tibbi bioloji müalicəvi tədbirlərin görülməsi ilə vəziyyətdən minimum itkilərlə çıxa biliblər.

Alim YT Park haqqında məlumat verərək, elm və iqtisadiyyat arasında körpü rolunu oynayan bu təşkilatın əsas məqsədinin alınan elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılmasından ibarət olduğunu söyləyib, xüsusi karantin müddətində bu müəssisədə görülən işlərdən danışıb. Akademik Ə.Abbasov koronavirusun təhlükə mənbəyi olması ilə yanaşı, bir çox sahələrə, əsasən də yüksək texnologiyaların inkişafına müsbət stimullaşdırıcı təsir xüsusiyyətinin ortaya çıxdığını qeyd edib: “Məlumdur ki, COVID-19-un bütün dünyada vüsət alması ilə bir sıra səhələrdə sürətli inkişaf müşahidə olunmağa başladı. Buraya tibbi-bioloji istiqamətlərdən başqa, informasiya texnologiyaları sahəsi də aiddir. Məsələn, pandemiya dövründə tibbi xidmətlərin rəqəmsal platformalar üzərində təqdim olunması ön plana çıxdı”.

Direktor əlavə edib ki, karantin rejimi ilə əlaqədar təhsil müəssisələrinin bağlanması dərslərin onlayn formada keçirilməsini qaçılmaz etdi. Bu, bizim ölkədə çox yüksək səviyyədə təşkil olunmuşdu. Beləliklə, distant təhsilin gələcək üçün əsas seçim olması da bir reallığa çevrildi.

Koronavirusun yayılma sürətinin proqnozlaşdırılmasından danışan akademik Ə.Abbasov hazırda bu məsələnin də geniş tədqiqat mövzusu olduğunu, koronavirusun sosial distantlıq şərtlərindən asılı olaraq proqnozlaşdırılması modelinin hazırlandığını deyib.

Ə.Abbasov artıq koronavirusla mübarizə üçün süni intellekt və müasir texnologiyaların tətbiqi ilə dünyada bir neçə elmi proqramın hazırlandığını deyib. Alim Azərbaycanda TƏBİB-in yaratdığı “E-Təbib” proqramını yüksək qiymətləndirərək, mobil tətbiqin ölkəmizdə bu sahədə ilk təcrübə olduğunu vurğulayıb. Əlavə edib ki, bu kimi proqramlar koronavirusun yayılması və onunla mübarizə üsullarının proqnozlaşdırılmasına müsbət təsir edir.

Tədbir AMEA-nın müxbir üzvü Nuru Bayramov, prof. İsmayıl Zülfüqarovun moderatorluğu ilə plenar iclasla davam edib. Plenar iclasda İndiana Bioelmlər Tədqiqat İnstitutunun professoru Vidadi Yusifov “COVID-19 üçün terapevtik anticisimler” və Türkiyənin Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev “COVID-19 üçün vaksin hazırlanmasında cari vəziyyət” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra tədbir bölmə iclasları ilə davam edib. İclaslarda “SARS-CoV-2 və renin-angiotenzin-aldosteron sismeti arasında qarşılıqlı əlaqə”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Koronavirusun genomlarının ümumi struktur təşkili”, “Uşaqlarda yeni koronavirus infeksiyası (COVID-19)” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, beynəlxaq konfrans sabah öz işini bölmə iclasları ilə davam etdirəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020