ANA SƏHİFƏXƏBƏRLƏR
22.02.2021 10:04
Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə onlayn görüş keçirilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri ilə onlayn görüş keçirib. Görüşdə 2018-2020-ci illər ərzində MƏŞŞ-in fəaliyyəti, “Horizon-2020” çərçivəsində məlumatlandırma istiqamətində həyata keçirilən tədbirlər, problemlər və gələcək proqramlar müzakirə edilib.

Şəbəkənin üzvləri Tofiq Babayev, Zaur Həsənov, Rövşən Kərimov, İlham Hümbətov, Raziya İsayeva, Rüfət Efendiyev, Elşən Əhmədov, Fərid Seyfullayev, Rəhimə Qabulova, Aynurə Mənsimova və Fərhad Əliyev məsul olduqları istiqamətlər üzrə həyata keçirilmiş tədbirlərə dair hesabat təqdim edib, qarşılaşdıqları problemləri diqqətə çatdırıb və gələcəkdə daha səmərəli fəaliyyət üçün təkliflərini səsləndiriblər.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva son illərdə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssislərinin “Horizon-2020” Proqramının istiqamətləri və açıq çağırışlar üzrə məlumatlandırılması istiqamətində təşkil edilən seminar və vebinarlar haqqında məlumat verib. Qeyd edib ki, geniş auditoriyanın təfsilatlı məlumatlarla təmin edilməsi üçün “Horizon-2020” Proqramı və onun çağırışlarına müraciət qaydaları, həmçinin COST və Maria Sklodovskaya-Küri proqramları üzrə video materiallar hazırlanıb və AMEA-nın rəsmi veb səhifəsində və sosial şəbəkələrdə yayılıb.

Görüş zamanı qeyd edilib ki, həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan alimləri tərəfindən “Horizon-2020” üzrə uğurlu layihələrin sayı artır, bu nəticə xüsusilə COST və Maria Sklodovskaya-Küri proqramları üzrə nəzərə çarpandır. MƏŞŞ üzvləri tərəfindən regional maraq kəsb edən prioritet istiqamətlərə diqqətin artırılması, beynəlxalq təcrübəyə malik alimlərlə xüsusi görüşlərin keçirilməsi, yerli alimlərdən ibarət konsorsiumların təşkili və konkret istiqamətlər üzrə hədəf qruplarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Yeni başlanan “Horizon Europe” çərçivəsində MƏŞŞ-in tərkibi və fəaliyyətində dəyişiklik və təkmilləşdirmələr müzakirə edilib.

Akademik İ.Quliyev son 2 ildə MƏŞŞ üzvlərinin sistemli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib və prioritet kimi Xəzər üzrə tədqiqatlar, iqlim dəyişmələri, biotibb, enerji, ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları və s. kimi sahələr üzrə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. MƏŞŞ üzvlərinin fəaliyyəti və “Horizon-2020” çərçivəsində uğurlu layihələr haqqında məlumatların geniş auditoriyaya təqdim edilməsi təklif edilib. “Horizon Europe” çərçivəsində çağırışlarda Azərbaycan alimlərinin iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə strategiya planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, onlayn görüşdə Xarici əlaqələr idarəsinin Elmi layihələrin idarə edilməsi şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və şöbənin müdir müavini Aytən Hüseynova da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021