ANA SƏHİFƏXƏBƏRLƏR
30.09.2021 12:56
AMEA nümayəndələri Minskdə beynəlxalq elmi-praktik konfransda və BEAA-nın 34-cü sessiyasında iştirak ediblər

Belarus Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin 30 illiyi: yekunlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) 34-cü sessiyası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova və Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Tağıyev iştirak ediblər.

Akademik İ.Quliyev tədbirdə çıxış edərək AMEA tərəfindən BEAA-ya üzv təşkilatlarla fundamental, tətbiqi, humanitar və ictimai elm sahələri üzrə həyata keçirilən genişmiqyaslı əməkdaşlıq fəaliyyəti haqqında ətraflı məlumat verib və son 5 ildə bu əməkdaşlığın xüsusilə inkişaf etdirildiyini diqqətə çatdırıb. Alim qeyd edib ki, Rusiya və Belarus Elmlər akademiyaları, elm fondları və komitələri ilə birlikdə həyata keçirilən layihə müsabiqələri çərçivəsində AMEA alimləri qarşı tərəfdən həmkarları ilə müştərək tədqiqatlar aparıblar. Bu illər ərzində fundamental və tətbiqi sahələr, təbiət elmləri, humanitar və ictimai elmlər üzrə Rusiyanın elmi müəssisələri ilə 20, belaruslu həmkarlarla 15 müştərək layihə həyata keçirilib. Hazırda AMEA tərəfindən Belarus Dövlət Elm və Texnologiya Komitəsi ilə birlikdə 2-ci layihə müsabiqəsi elan edilib. Həmçinin bu ölkələrin müvafiq qurumları ilə AMEA tərəfindən 70-ə yaxın əməkdaşlıq sənədi imzalanıb.

Ukrayna ilə elmi əlaqələr də yüksələn xətt üzrə davam etdirilib. Son illər ərzində imzalanmış 20-dən çox əməkdaşlıq sənədi çərçivəsində müştərək işlər həyata keçirilib. Hazırda 2 akademiya arasında yeni əməkdaşlıq sənədinin imzalanması üzrə iş aparılır.

Çin Xalq Respublikasının elmi qurumları ilə də əlaqələr genişləndirilib. Bu, xüsusilə humanitar və ictimai elmlər sahəsində, həmçinin yüksək texnologiyalar və neft kimyası istiqamətində nəzərə çarpır. AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında imzalanmış Saziş çərçivəsində Azərbaycanda (2018) və Çində (2019) 2 ölkənin alimlərinin iştirakı ilə iqtisadi forumlar keçirilib, elmi inkişafın perspektivləri müzakirə olunub.

Moldova, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanın elmi müəssisələri ilə əməkdaşlığa da xüsusi diqqət ayrılıb. Bu əməkdaşlıqlar çərçivəsində həm dəqiq elmlər, həm də humanitar elmlər üzrə müxtəlif tədbirlər və müştərək nəşrlər hazırlanıb. AMEA alimləri Gürcüstanlı həmkarları ilə həm ikitərəfli layihələrdə, həm də müxtəlif beynəlxalq fondlar və proqramlar tərəfindən dəstəklənən regional layihələrdə çox fəal iştirak edərək əhəmiyyətli nəticələr əldə ediblər.

AMEA beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir və son illərdə Monqolustan və Monteneqronun Elmlər akademiyaları ilə də elmi əməkdaşlıq sənədləri imzalanıb və birgə fəaliyyət planları hazırlanır.

Akademik İ.Quliyev bildirib ki, AMEA və MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyilə Bakıda 3 dəfə (2016, 2018, 2019-cu illərdə) “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq”, “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” və “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzularında beynəlxalq elmi seminarlar keçirilib və bu tədbirlərdə BEAA-ya üzv təşkilatların alim və mütəxəssisləri elmi məruzələrlə çıxış edib.

Minskdə keçirilən tədbirlərdə MDB-yə üzv dövlətlərin elm və innovasiya, iqtisadi təsir, epidemiologiyanın fundamental problemləri, kosmosdan istifadə üzrə elmi-texniki əməkdaşlıq və s. istiqamətlərdə müzakirə aparılıb, BEAA-nın bir sıra sahələr üzrə elmi şuraları təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021