ANA SƏHİFƏXƏBƏRLƏR
02.11.2021 15:00
Azərbaycanlı mütəxəssislər Avropa Komissiyasının toplantısında iştirak ediblər

Şərq Tərəfdaşlığı panelinin Tədqiqat və İnnovasiya üzrə İşçi Qrupunun üçüncü qeyri-formal toplantısı keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində Tədqiqat və İnnovasiya (Tİ) üzrə islahatları dəstəkləyən milli plan və proqramların hazırlanması və tətbiqi istiqamətində əldə edilmiş nailiyyətlərin müzakirəsinə həsr edilib.

Toplantıda Azərbaycan tərəfindən AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, dosent Fuad Hümbətov, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxs (PHŞ) Demoqrafik-Sosioloji Trendlərin Təhlili şöbəsinin müdiri, dosent Rüfət Efendiyev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev iştirak ediblər.

Toplantıda Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri tərəfindən Tədqiqat və İnnovasiya sahəsində milli proqramlar üzrə məlumat verilib, problem və perspektivlər müzakirə edilib, təkliflər irəli sürülüb.

R.Rüstəmov Azərbaycanlı iştirakçılar adından məruzə ilə çıxış edib, Azərbaycanda elm, təhsil və istehsal imkanlarının inteqrasiyası üzrə əldə edilmiş nəticələr, bəzi qabaqcıl ali təhsil müəssisələrində fəaliyyət göstərən mükəmməllik, araşdırma və inkişaf mərkəzləri və ya qrupları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” PHŞ, sənaye iqtisadiyyatının analizi və əlaqələndirilməsi üzrə mərkəz haqqında məlumat verib. O, qeyd edib ki, elmi potensialın gücləndirilməsi və elmi nəticələrin tətbiqinin genişləndirilməsi məqsədilə tədqiqat müəssisələrində elmi layihələrə və müvafiq mövzular üzrə mütəşəkkil qrupların yaradılmasına üstünlük verilir, elmi diaspor ilə daha sıx əməkdaşlıq üzrə əhəmiyyətli addımlar atılır. Məruzəçi AMEA, dövlət qurumları, əlaqədar özəl şirkətlər və xarici elmi qurumların və mütəxəssislərin cəlb edildiyi işçi qrupların yaradılması, tədqiqat mövzularının dövlət sifarişləri əsasında seçilməsi, Tİ üzrə təcrübəli mütəxəssislərlə təcrübə mübadiləsi, elmi diplomatiyanın inkişaf etdirilməsi, beynəlxalq və yerli layihələrdə iştirak zamanı davamlı nəticələrə diqqət ayrılmasının Tİ üzrə daha böyük nailiyyətlərin əldə edilməsi üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin Avropa Komissiyasının ekspertləri tərəfindən ŞT ölkələrində ağıllı ixtisaslaşma istiqamətində aparılan işlər və texnologiyaların transferi üzrə monitorinq nəticələri və tövsiyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021