ANA SƏHİFƏXƏBƏRLƏR
02.11.2021 11:58
Birgə Komissiyanın iclasında elmi əsaslara söykənən istehsal sahələrinin dayanıqlılığı diqqətə çatdırılıb

Xorvatiyanın Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.

Birgə Komissiyaya Azərbaycan tərəfindən Mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfindən İqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric həmsədrlik edib. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyi, Ələt Azad İqtisadi Zonası, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi və Turizm Agentliyinin rəsmiləri daxil edilib. Tədbirdə AMEA-nı Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva təmsil edib.

İclasda çıxış edən E.Əlirzayeva iqtisadiyyatın inkişafında elmin əhəmiyyətli rol oynadığını və elmi əsaslara söykənən istehsal sahələrinin dayanıqlılığını diqqətə çatdırıb. O, Azərbaycan və Xorvatiyanın elmi qurumları arasında hər iki ölkə üçün prioritet sahələr istiqamətində əməkdaşlığın genişləndirilməsi üzrə AMEA-nın təkliflərini səsləndirib. Enerji səmərəliliyi və təhlükəsizliyi, bərpa olunan enerji, bioiqtisadiyyat, qida təhlükəsizliyi və texnologiyası, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, dəniz tədqiqatları və sağlam sular, biotibb, farmakologiya, kompüter elmləri, rəqəmsal texnologiya və proqram təminatının inkişafı, kvant informatikası, nanotexnologiya, Mini-Fab, astrofizika, geodinamika, neft və qaz iqtisadiyyatı, folklor, arxeologiya, antropologiya kimi sahələr üzrə müştərək proqram və layihələrin hazırlanmasının əhəmiyyəti qeyd edilib. E.Əlirzayeva vurğulayıb ki, 30 il ərzində işğal altında qalmış qədim Azərbaycan ərazilərində ətraf mühitin, su hövzələrinin çirklənməsi, biomüxtəliflik və təbii sərvətlərə dəyən zərər alimlərin bu sahələrə xüsusi diqqət ayırmasını tələb edir. O, bildirib ki, qeyd edilən elmi istiqamətlər yeni elan edilmiş “Horizon Avropa” proqramının prioritetləri ilə uzlaşır və 2 ölkə alimləri bu proqramın imkanlarından birgə istifadə edə bilər.

İclasın sonunda Komissiyanın həmsədrləri A.Kərimov və T.Coric tərəfindən iqtisadi, sənaye, enerji, nəqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq imkanlarını əks etdirən Protokol imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2021