ANA SƏHİFƏXƏBƏRLƏR
25.02.2022 14:13
Akademik Arif Həşimov Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin nümayəndələri ilə görüşüb

Fevralın 24-də Rəyasət Heyətində AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Avropa Komissiyasının Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) nümayəndələri ilə görüşüb.

Görüşdə MƏŞŞ-in koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, eləcə də Azərbaycanın müxtəlif dövlət təşkilatları, AMEA-nın elmi müəssisələri, təhsil və səhiyyə müəssisələrindən yeni seçilmiş MƏŞŞ üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva açıb. O, proqramla bağlı məlumatların ölkə üzrə müvafiq müəssisələrə, təşkilatlara və mütəxəssislərə çatdırılmasının təşkili işini həyata keçirən MƏŞŞ-nin fəaliyyəti və Avropa Komissiyasının Horizon Avropa (Horizon Europe) Proqramı çərçivəsində məlumatlandırma istiqamətində həyata keçirilən tədbirlər, problemlər və gələcək proqramlar haqqında məlumat verib.

E.Əlizayeva Avropa Komissiyasının MƏŞŞ qarşısında qoyduğu tələblərdən bəhs edib. Bildirib ki, şəbəkə yüksək peşəkarlıqla müvafiq müəssisə və şəxslərə dəstəyin həyata keçirilməsi, sahəsindən asılı olmayaraq tədqiqatçıların, iş adamlarının vaxtında məlumatlandırılması, şəbəkənin fəaliyyətində bütün istiqamətlərin əhatə olunması, MƏŞŞ-ə əlçatanlığın təmin edilməsi, hədəf qrupları üçün xüsusi mövzularda treninqlərin keçirilməsi və s. kimi vəzifələri icra edir.

O, Şərq Tərəfdaşlığı ölkələrinin “Horizon-2020” də iştirakı ilə bağlı statistik məlumatları diqqətə çatdırıb. Şöbə müdiri Azərbaycanda MƏŞŞ üzvlərinin bu istiqamətdə gördüyü işlərdən bəhs edərək qeyd edib ki, bu məqsədlə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssisləri üçün “Horizon-2020” çağırışları üzrə məlumatlandırıcı seminar və vebinarlar keçirilib, eyni zamanda COST və Mari-Sklodovska Küri proqramları haqqında KİV-də mütəmadi olaraq məlumatlar təqdim edilib.

E.Əlirzayeva, həmçinin yeni çərçivə proqramı olan Horizon Avropanın prioritet istiqamətləri və ayrılmış maliyyə imkanları haqqında məlumat verib. Məruzəçi bu istiqamətdə İsrailin uğurlu təcrübəsindən, eləcə də qabaqcıl təşkilatların təcrübəsindən söz açıb.

Tədbirdə MƏŞŞ üzvləri çıxış edərək son illər ərzində fəaliyyətin nəticələri və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Həmçinin proqramda iştirak fəallığının artırılması, təşviqat işinin düzgün təşkili üzrə təkliflər irəli sürülüb, müzakirələr aparılıb.

Görüşdə İqlim, enerji və mobillik istiqaməti üzrə milli əlaqələndirici şəxs, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov, Avropa Tədqiqatlar Mərkəzi və COST fəaliyyəti üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Mari-Sklodovska Küri fəaliyyəti üzrə milli əlaqələndirici şəxs, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Həsənov Horizon Avropa çərçivəsində Azərbaycan alimləri üçün yaranmış imkanlar haqqında geniş təqdimatlarla çıxış ediblər.

Sonda akademik Arif Həşimov Azərbaycanın alim və mütəxəssislərinin Horizon Avropa proqramının geniş imkanlarından istifadə faizinin yüksəldilməsi məqsədilə tədbirlər planının hazırlanması, bu istiqamətdə MƏŞŞ üzvlərinin fəaliyyətinin sistemləşdirilməsi, prioritet sahələr üzrə tərəfdaş təşkilatlarla əlaqələrin genişləndirilməsi üzrə təkliflərini səsləndirib. O, MƏŞŞ üzvləri ilə görüş və müzakirələrin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022