ANA SƏHİFƏXƏBƏRLƏR
11.04.2022 15:17
COST fəaliyyəti üzrə Avropa Komissiyasının ekspertlərinin iştirakı ilə məlumat günü keçirilib

Avropa Komissiyasının ekspertlərinin iştirakı ilə Azərbaycanın alim və mütəxəssisləri üçün COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə onlayn məlumat günü keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva çıxış edərək Azərbaycanın alim və mütəxəssislərinin Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramının imkanlarından istifadə göstəricilərinin yüksəldilməsi məqsədilə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) tərkibinin yeniləndiyini və MƏŞŞ üzvlərinin fəaliyyət istiqamətlərinin Horizon Avropa klasterlərinə uyğun müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, yeni tərkibə AMEA ilə yanaşı, Azərbaycanın müvafiq dövlət qurumlarından beynəlxalq layihələr üzrə təcrübəli alim və mütəxəssislərin daxil edildiyini qeyd edib və tədbir iştirakçılarını MƏŞŞ üzvlərinin siyahısı ilə tanış edib.

Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov azərbaycanlı mütəxəsisslərin 2008-ci ildən bu proqramda iştirak göstəricilərini, son illərdə bu istiqamətdə fəaliyyət üzrə müsbət dinamikanın müşahidə edildiyini, iştirak edən təşkilat və mütəxəssislərin sayında nəzərəçarpan artım olduğunu qeyd edib. O, həmçinin mövcud problemlər, onların həlli yolları haqqında məlumat verib, azərbaycanlı alim və mütəxəsissləri proqramda daha fəal iştiraka təşviq edib.

COST Assosiasiyasında Qlobal şəbəkələşmə üzrə rəhbər Katalin Alföldi Horizon Avropa Proqramı çərçivəsində COST Fəaliyyəti istiqamətində yeniliklər və proqramın üstünlükləri haqqında məlumat verib.

COST Assosiasiyasının elm üzrə məsul mütəxəssisi Inga Dadeshidze “COST Fəaliyyəti nədir və Azərbaycandan bu fəaliyyətdə necə iştirak etmək olar” mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanın müxtəlif təşkilatları və mütəxəssisləri üçün bu proqramda mövcud imkanları diqqətə çatdırıb, proqrama müraciət yollarını izah edib.

Səhiyyə üzrə MƏŞ, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov COST layihəsində iştirak təcrübəsini bölüşüb və bildirib ki, bu Azərbaycan alimləri və tədqiqatçılarının Avropa elm və tədqiqat platformasına daxil olması üçün əhəmiyyətli vasitədir. O, həmçinin qeyd edib ki, bu proqram Avropa və Azərbaycanın tədqiqat müəssisələri arasında tərəfdaşlığın gücləndirilməsinə və Azərbaycan tədqiqatçılarının elmi potensialı haqqında məlumatlılığın genişləndirilməsinə geniş imkan yaradır.

Səhiyyə üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında assistent, tibb üzrə fəlsəfə doktoru Püstə Orucova da COST fəaliyyətinin imkanlarından istifadə üzrə təcrübəsini bölüşüb. O, COST layihələrində iştirakın beynəlxalq elmi əməkdaşlığa və elmi mübadiləyə, eyni zamanda, elmin qloballaşmasına və tətbiqi nəticələrin əldə edilməsinə verdiyi töhfəni diqqətə çatdırıb.

Məruzələr ətrafında tədbir iştirakçılarının sualları cavablandırılıb. COST Fəaliyyəti üzrə növbəti tədbirin fiziki olaraq Bakıda keçirilməsi razılaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022