ANA SƏHİFƏXƏBƏRLƏR
27.05.2022 16:31
AMEA-da TÜBİTAK-ın vitse-prezidenti Əhməd Yozgatlıgillə görüş keçirilib

Mayın 27-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) vitse-prezidenti, şuranın nəzdindəki Marmara Araşdırma Mərkəzinin direktoru, prof. Dr. Əhməd Yozgatlıgillə görüşüb.

Görüşdə, həmçinin Marmara Araşdırma Mərkəzinin direktorunun köməkçisi, Dr. Osman Okur və AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, bir sıra elmi müəssisələrin direktorları və alimləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov açaraq “Teknofest” festivalının Türkiyədən kənarda ilk dəfə ölkəmizdə keçirildiyini və qardaş dövlətin son illərdə əldə etdiyi texnoloji nailiyyətlərin xalqımız tərəfindən rəğbətlə qarşılandığını deyib. Qeyd edib ki, qardaş Türkiyənin XXI əsrin ən son elmi-texnoloji yenilikləri olan pilotsuz uçuş aparatlarının ilk praktiki tətbiqi 44 günlük Vətən müharibəsində baş tutdu və qələbəmizin əldə olunmasına misilsiz töhfə verdi. Akademik Arif Həşimov bildirib ki, dünya hərb tarixində ilk dəfə olaraq, yüksək texnologiyalardan istifadə etməklə belə bir müharibə aparılırdı və bütün dünya əldə edilmiş nəticələrin şahidi oldu.

AMEA rəhbəri Milli Elmlər Akademiyasının TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığın genişləndirilməyinin əhəmiyyətini qeyd edib, birgə fəaliyyət proqramının hazırlanmasının vacibliyini vurğulayıb.

Sonra çıxış edən TÜBİTAK-ın vitse-prezidenti, professor Dr. Əhməd Yozgatlıgil ölkəmizə səfəri çərçivəsində Şuşanı ziyarət etdiyini və Azərbaycan ordusunun çətin relyefə malik qədim şəhərimizi düşmən işğalından azad edərkən göstərdiyi şücaətdən duyğulandığını bildirib. Bu gün müasir texnologiyaların inkişaf etdirilməsinin dövlətlərin müstəqilliyinin vacib faktorlarından biri olduğunu deyən TÜBİTAK rəsmisi Türkiyənin bu istiqamətdə məruz qaldığı embarqolardan sonra Milli Texnologiya Həmləsi çərçivəsində özünün yeni texnologiyalarını yaratdığını söyləyib. Qeyd edib ki, əldə edilən uğurların kökündə ilk növbədə elmdə qazanılan nailiyyətlər, fizika, kimya, riyaziyyat və digər sahələrdəki tədqiqatlar dayanır.

Rəhbəri olduğu Marmara Araşdırma Mərkəzi haqqında məlumat verən Əhməd Yozgatlıgil bildirib ki, mərkəzin əsası 1972-ci ildə qoyulub və başlıca olaraq, həyat elmləri, iqlim dəyişikliyi və davamlılıq, enerji texnologiyaları, həmçinin materialşünaslıq istiqamətlərində tədqiqatlar aparılır. Qeyd edib ki, qurumun tərkibində Ətraf Mühit və Təmiz İstehsalat İnstitutu, Enerji İnstitutu, Gen Mühəndisliyi və Biotexnologiya İnstitutu, Qida İnstitutu, Kimya Texnologiyası İnstitutu, Qütb Araşdırmaları İnstitutu, Materialşünaslıq İnstitutu, eləcə də Yer və Dəniz Elmləri İnstitutu və ümumilikdə 81 laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, Marmara Araşdırma Mərkəzinin bir çox sahələrdə Mükəmməllik mərkəzlərinin olduğunu, Türkiyənin ali təhsil müəssisələri və sənaye obyektləri ilə birgə tədqiqatların aparıldığını, nəticədə bu günə kimi 144 patentin əldə edildiyini diqqətə çatdırıb.

TÜBİTAK-ın vitse-prezidenti yeni texnologiyaların yaradılması, quraqlığa davamlı ərzaqlıq buğda sortlarının yetişdirilməsi, həyat elmləri və s. ilə bağlı Milli Elmlər Akademiyası ilə əməkdaşlığa hazır olduqlarını söyləyib, AMEA rəhbərliyini Marmara Araşdırma Mərkəzinin 50 illiyi münasibətilə Türkiyəyə dəvət edib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə çıxışında TÜBİTAK-la əməkdaşlıq əlaqələrinin 2016-cı ildən başladığını, baş direktoru olduğu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun həmin il AMEA ilə TÜBİTAK tərəfindən birgə elan edilmiş layihə müsabiqəsinin qalibi olduğunu bildirib. Həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) müəssisələrində quraqlığa davamlı ərzaqlıq buğda sortlarının yetişdirilməsi, respublikanın qida təhlükəsizliyinin təmin olunması, insan sağlamlığı, virus xəstəlikləri və digər sahələrdə önəmli tədqiqatların aparıldığını vurğulayıb. O cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Türkiyədə koronavirusa qarşı vaksinlərin hazırlanmasında yaxından iştirak etdiyini, onun tərəfindən hazırlanan vaksinin ÜST-ün siyahısına salındığını deyib. Akademik İradə Hüseynova qida texnologiyaları, neyrobiologiya, bioloji aktivlik, vaksinlərin hazırlanması, həyat elmləri və s. sahələrdə Marmara Araşdırma Mərkəzi ilə əməkdaşlığa hazır olduqlarını söyləyib.

Sonra çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov ölkəmizdə yer elmlərinin güclü inkişaf etdiyini və neft ölkəsi kimi tanınan Azərbaycanda ötən əsrdə neftin geoloji-kəşfiyyat işlərində bölmənin alimlərinin yaxından iştirak etdiyini bildirib. Həmçinin bölmədə seysmik tədqiqatların yüksək səviyyədə olduğunu, Respublika Seysmoloji Xidmət Mərkəzinin dünyanın bir çox aparıcı qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bundan əlavə, GPS ölçmələri sahəsində İstanbul Universiteti ilə əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. F.Qədirov torpaq sürüşməsi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin sahəsi boyunca geodinamik hadisələrin öyrənilməsi və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını deyib.

Görüşdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək AMEA ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələrinin 2013-cü ildən başladığını və birgə 3 müsabiqənin elan olunduğunu, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını söyləyib. O, hazırda TÜBİTAK-la müştərək icra edilən 3 layihənin bitdiyini, 3 layihənin davam etdiyini, 3 layihənin isə yeni seçildiyini diqqətə çatdırıb. Bundan əlavə, TÜBİTAK-ın ekspertlər bazasının (PYS) AMEA-nın istifadəsinə açıldığını və PYS-dən istifadə üzrə ilkin təlimlərin keçirildiyini deyib. Qeyd edib ki, alimlərimiz bazada qeydiyyatdan keçməklə bir çox beynəlxalq layihələrin qiymətləndirilməsində ekspert qismində çıxış edə biləcəklər. Həmçinin türkiyəli alimlərin Avropa İttifaqının “Horizon” proqramlarının çoxsaylı layihələrində aktiv iştirak etdiyini, Azərbaycan və Türkiyə alimlərinin bu proqrama birlikdə layihə müraciətlərinin hazırlanması imkanlarını diqqətə çatdırıb.

Tədbirdə, o cümlədən Fizika İnstitutunun əməkdaşları Təranə Nurubəyli, Şəfəq Əhədzadə, Ülkər Səmədova, Polimer Materialları İnstitutunun əməkdaşları kimya elmləri doktoru Kazım Quliyev və professor Nəcəf Qəhrəmanov çıxış edərək apardıqları tədqiqatlardan danışıb, təkliflərini səsləndiriblər.

Sonda akademik Arif Həşimov TÜBİTAK rəsmiləri ilə belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini bildirib və Bakının keçmişlə müasirliyini əks etdirən portretini qonağa hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022