ANA SƏHİFƏXƏBƏRLƏR
06.07.2018 15:01
"Horizon 2020” Qrant proqramı üzrə seminar

Azərbaycanın Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə “HORİZON 2020” proqramı üzrə seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov “HORİZON 2020” proqramını elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə Avropa İttifaqı tarixində ən böyük qrant proqramı olduğunu bildirdi.

Bundan sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun xarici əlaqələr və innovasiya şöbəsinin rəhbəri, “HORİZON 2020” proqramının qanunvericilik və maliyyə aspekti üzrə milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020) Tofiq Babayev Avropa Komissiyasının elmi tədqiqat və innovasiya çərçivə proqramı haqqında, o cümlədən AB-nin Çərçivə Proqramlarının tarixı, yeni strategiyası və “HORİZON 2020” Çərçivə proqramı barədə geniş məlumat verdi. O, Azərbaycan alimlərinin Avropa Birliyinin ən böyük qrant proqramı olan elmi tədqiqatların texnoloji inkişaf və innovasiya proqramında iştirak edə bilməsinin reallığını xüsusi qeyd etdi.

Azərbaycan – Avropa İttifaqı nümayəndəliyinin əməliyyat şöbəsinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Pərviz Bağırov, proqramın milli koordinatorları İlham Hümbətov və Zaur Həsənov da çıxış edərək müxtəlif ölkələrdən olan tədqiqatçıları birgə əməkdaşlığa təşviq edən əvəzsiz proqram kimi dəyərləndirdilər.

İştirakçıları proqramın informasiya mənbələri ilə də tanış edən səhiyyə, demoqrafik dəyişikliklər və rifah üzrə milli koordinator Rəhimə Qabulova layihənin 4 ilinin artıq başa çatdığını vurğulayaraq aktual çağırışlara qoşulmaqla qrant alma imkanları, bununla əlaqədar gözlənilən qaydalar və şərtlər barədə ətraflı məlumat verdi.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019