ANA SƏHİFƏXƏBƏRLƏR
14.09.2022 15:37
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru AMEA-nın Rəyasət Heyətində olub

Cari ilin iyun ayında Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun müddəaları üzrə fəaliyyət həyata keçirilir. Bu məqsədlə, Nazirliyin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və Mərkəzin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed AMEA ilə təcrübə mübadiləsi üçün Azərbaycana gəliblər.

Sentyabrın 14-də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Abdulaziz Abduvaliyevlə görüşüb. Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov iştirak ediblər.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan və Özbəkistanın eyni soy-kökə, ortaq dil və mədəniyyətə, milli adət-ənənələrə malik olduğunu, iki xalq arasında dostluq-qardaşlıq münasibətlərinin bütün dövlərdə qorunduğunu və inkişaf etdirildiyini söyləyib. Qeyd edib ki, xüsusilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qardaş türk dövlətləri ilə, eləcə də Özbəkistanla sıx dövlətlərarası münasibətlər formalaşdırılıb, bir sıra əhəmiyyətli strateji tərəfdaşlıq sənədləri imzalanıb. Diqqətə çatdırıb ki, bu gün hər iki ölkə öz inkişafının yeni mərhələsini yaşayır və bu inkişafın təməlində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin apardıqları məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin cari ilin iyun ayında Özbəkistana səfər etdiyini xatırladan akademik İsa Həbibbəyli səfər çərçivəsində dövlət başçıları arasında məhdud və geniş tərkibdə görüşlərin keçirildiyini, bir sıra sənədlərin imzalandığını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun bu ilin iyun ayında Özbəkistana səfəri çərçivəsində bu ölkənin İnnovativ İnkişaf Nazirliyi, o cümlədən Özbəkistan Elmlər Akademiyası ilə elmi əməkdaşlıq haqqında anlaşma memorandumlarının imzalandığını söyləyib.

İki ölkə arasında münasibətlərin ədəbi-mədəni sahədə də geniş inkişaf etdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər görkəmli ədiblərimizin əsərləri müxtəlif illərdə özbək dilinə, Əlişir Nəvai və özbək xalqının digər görkəmli nümayəndələrinin əsərləri isə Azərbaycan dilinə geniş tərcümə olunub.

Akademik İsa Həbibbəyli Əlişir Nəvainin və Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı bir sıra məqsədyönlü şəkildə fikirlər ortaya atılmasına baxmayaraq, Azərbaycanın daim Nəvaini özbək xalqının gökəmli nümayəndəsi, Özbəkistanın isə hər zaman Nizami Gəncəvini Azərbaycan şairi kimi qəbul etdiyini və bunun sıx qırılmaz dostluq-qardaşlıq münasibətlərindən irəli gəldiyini vurğulayıb.

Natiq, həmçinin AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində özbək ədəbiyyatı və mədəniyyətinə dair geniş tədqiqatların aparıldığını, xüsusilə rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsində bu istiqamətdə sanballı əsərlərin ərsəyə gətirildiyini deyib. Bundan əlavə, Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin, öz növbəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan mərkəzin fəaliyyət göstərdiyini bildirib.

AMEA rəsmisi, həmçinin Akademiyanın elmi müəssisələrinin Özbəkistanın müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini, birgə tədqiqatlar apardığını diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Ülvi Binnətovanın səylərini yüksək qiymətləndirib, onun Özbəkistan rəhbərliyi tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini söyləyib. Öz növbəsində Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinovun Ədəbiyyat İnstitutunun fəxri doktoru seçildiyini xatırladıb.

Akademik, o cümlədən iki ölkə arasında informasiya texnologiyaları və yer elmləri sahəsində əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə çıxış edən Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirib, dövlətlərimiz arasındakı sıx münasibətlərin elmi-texniki sahədə də əməkdaşlığın inkişaf etdirilməsində xüsusi rol oynadığını söyləyib.

Sonra tərəflər qarşılıqlı şəkildə hədiyyə təqdim edib, xatirə şəkli çəkdiriblər.

Bundan əlavə, Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed təcrübə mübadiləsi məqsədilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi və Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda görüşlər keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022