ANA SƏHİFƏXƏBƏRLƏR
29.10.2022 15:35
Tbilisidə Şərq Tərəfdaşlığı Panelinin Qeyri-Rəsmi İşçi Qrupunun toplantısı keçirilib

Tədqiqat və İnnovasiyalar üzrə Şərq Tərəfdaşlığı (ŞT) Panelinin Qeyri-Rəsmi İşçi Qrupunun 4-cü toplantısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilib.

Tədbirdə Avropa Komissiyasının (AK) məsul nümayəndələri, ŞT ölkələrinin, həmçinin Belçika, Almaniya, Latviya və Rumıniyanın müvafiq təşkilatlarının mütəxəssisləri iştirak ediblər. Toplantı zamanı ŞT ölkələrinin “Horizon Avropa” Proqramında iştirakı üzrə hazırkı vəziyyət, “Horizon 2020”nin tədqiqat və innovasiyalar üzrə prioritetlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan probemlər və əldə edilmiş nailiyyətlər, milli plan və proqramların hazırlanması və icrası müzakirə edilib.

Azərbaycan tərəfindən toplantıda AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru, “Horizon Avropa” Proqramı üzrə Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə milli əlaqələndirici şəxs (MƏŞ) İlham Hümbətov, İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, Rəqəmsal, sənaye və kosmos klasteri üzrə MƏŞ, dosent Tofiq Babayev, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri, Birgə Tədqiqat Mərkəzi üzrə MƏŞ, dosent Rüfət Efendiyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstututun elmi işçisi Elsevər Lətifli iştirak ediblər.

E.Əlirzayeva birinci sessiyada çıxış edərək Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun və “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (h-indeks) yaxşılaşdırılması üzrə” altqrupunun yaradıldığı haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) koordinatorluğu ilə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” fəaliyyət göstərir. Bu sənədin qlobal elmi məkana inteqrasiya, elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılması və reytinqinin yüksəldilməsi, tədqiqatçıların mobilliyinin təşviqi, gənc tədqiqatçıların dil, İKT, akademik yazı və metodik bacarıqlarının təkmilləşdirilməsi kimi mühüm məsələləri əhatə etdiyi vurğulanıb. E.Əlirzayeva gənclər arasında innovasiyanın təşviq edilməsi və startap imkanlarının genişləndirilməsi məqsədilə VXSİDA-nın tabeliyində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərdiyini, həmçinin cari ildə Bakıda “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalının təşkil edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasında elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi yaradılıb. Məruzəçi kadr hazırlığı, gənc mütəxəssislərin mobilliyi üzrə dövlət proqramları, həmçinin bu istiqamətdə AMEA tərəfindən həyata keçirilən əməkdaşlıqlar haqqında danışıb. Eyni zamanda “Horizon Avropa” Proqramında iştirak fəallığının yüksəldilməsi məqsədilə AMEA tərəfindən koordinasiya olunan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) tərkibinin yeniləndiyi, yeni tərkibə müxtəlif dövlət qurumları, elm və təhsil müəssisələrindən müvafiq mütəxəssislərin cəlb edildiyi və onların iştirakı ilə məlumatlandırma seminarlarının mütəmadi olaraq keçirildiyi bildirilib.

T.Babayev dəyirmi masa ətrafında müzakirələrdə AK tərəfindən ŞT ölkələri üçün xüsusi koordinasiya və dəstək proqramlarının həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu proqram çərçivəsində əməkdaşlığın “Horizon Avropa” çağırışlarında daha uğurla iştiraka imkan yaradacağını diqqətə çatdırıb. Bu istiqamətdə ŞT ölkələrindən olan nümayəndələrlə müzakirələr aparıb.

İ.Hümbətov Avropa Tədqiqat Məkanına inteqrasiyaya həsr edilmiş üçüncü sessiyada çıxış edərək bu istiqamətdə beynəlxalq əməkdaşlığın və müştərək layihələrdə iştirakın mühüm olduğunu bildirib. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən uğurlu təcrübəni iştirakçıların diqqətinə çatdırıb. Türkiyə, İtaliya, Bolqarıstan və s. ölkələrin müvafiq qurumları ilə birlikdə icra edilən ikitərəfli layihə müsabiqələrinin nəticələri haqqında məlumat verib. O, həmçinin son illərdə Azərbaycan alim və mütəxəssislərinin AK-nın COST Proqramında fəal iştirak etdiyini və onların cəlb edildiyi layihələrin sayının 20-dən çox olduğunu bildirib, hazırda isə türkiyəli həmkarlarla birlikdə ilk təklif kimi hazırlanan layihələr haqqında məlumat verib.

R.Efendiyev AK-nın innovasiya konsepsiyası olan Ağıllı İxtisaslaşma Strategiyalarına aid sessiyada “Horizon Avropa” çərçivəsində Birgə Tədqiqat Mərkəzi ilə Azərbaycanın bu istiqamətdə imkanları üzrə aparılmış çoxsaylı müzakirələr haqqında məlumat verib. Qeyd edilib ki, AMEA-da bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb və rəqəmsal, davamlı və ekoloji, xüsusilə iqlim dəyişiklikləri meyarlarının mühümlüyü nəzərə alınaraq, enerji təminatı, atmosfer tullantıları (CO2), Xəzər dənizi və su ehtiyatlarının innovativ idarə edilməsi üzrə tədqiqatların aparılması və strategiyaların hazırlanması məqsədəuyğun hesab edilib.

T.Süleyman AK-nın peşəkar tədqiqatçılara məlumat və dəstək xidmətlərinə istiqamətlənmiş EURAXESS təşəbbüsü və Azərbaycan haqqında müvafiq məlumatların həmin portalda qeydiyyatı üzrə müzakirələrdə iştirak edib, bu istiqamətdə ilkin fəaliyyətə başlayıb.

E.Lətifli Avropa İnnovasiya Şurasının fəaliyyəti üzrə müzakirələrə qatılıb.

AK nümayəndələri Azərbaycan nümayəndə heyətinə toplantıda və onun sessiyalarında fəal iştiraklarına görə təşəkkür edib və bu əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət istiqamətlərini təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022