ANA SƏHİFƏXƏBƏRLƏR
02.11.2022 16:34
COST Fəaliyyətinin layihələri üzrə maarifləndirici videomateriallar hazırlanıb

Avropa Komissiyasının COST Fəaliyyəti üzrə layihələrdə iştirak alim və mütəxəssislər üçün elmi konsorsiumların yaradılması ilə yanaşı, elm, təhsil və istehsal sahələri arasında əlaqələrin genişləndirilməsi və elmin populyarlaşdırılması üçün imkanlar yaradır.

Bu Proqram çərçivəsində “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihə üzrə elmi məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində maarifləndirici videomateriallar hazırlanıb. Azərbaycan tərəfindən sözügedən layihənin iştirakçısı AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva layihənin 5-ci İşçi Qrupunun İsveçrənin Sürix şəhərində keçirilən işçi toplantısına qatılıb və qeyd edilən videomaterialların müəlliflərindən biri kimi onun hazırlanmasında iştirak edib.

Müasir dövrdə aktual problemlərdən olan mikroelementlərin canlı orqanizmlər üçün əhəmiyyəti, bitki-torpaq əlaqələrində onların çatışmazlığı və toksikliyinə həsr edilmiş “Metallar, bitkilər və insanlar” adlı birinci 3 dəqiqəlik qısa videomaterial artıq hazırlanaraq məktəblilər də daxil olmaqla, geniş izləyici auditoriyasının istifadəsinə verilib. Videomaterialla bu linkdən tanış olmaq olar.

Yeddi dəqiqəlik ikinci videomaterial da tamamlanmaq üzrədir, bu materialda mikroelementlərin təyini və analizi üzrə elmi tədqiqatlar, istifadə edilən müasir metod və avadanlıqlar haqqında məlumata yer verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022