ANA SƏHİFƏXƏBƏRLƏR
19.01.2023 12:51
Gənc tədqiqatçılarla “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə görüş keçirilib

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Avropa Komissiyasının (AK) “Horizon Avropa” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvlərinin iştirakı ilə gənc tədqiqatçılar üçün Horizon Avropa Proqramına dair Məlumat Günü keçirilib.

Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva “Horizon Avropa” Proqramı və MƏŞŞ üzvlərinin fəaliyyəti haqqında ümumi məlumat verib. Bildirib ki, 6-10 fevral 2023-cü il tarixlərində AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycan tədqiqatçıları, dövlət və özəl sektorlardan olan mütəxəssislər üçün layihələrin hazırlanması üzrə təlimlər, həmçinin fərdi məsləhətlər təşkil ediləcək. Eyni zamanda, gənc tədqiqatçılar üçün Mariya Sklodovska-Küri fəaliyyəti çərçivəsində fərdi qrantlara müraciət üzrə layihələrin hazırlanması təlimlərinin keçirilməsi nəzərdə tutulur. E.Əlirzayeva gənc tədqiqatçlara Proqramın imkanlarından istifadə etməyi və tədqiqat qruplarına qoşulmağ təklif edib.

Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” Proqramı üzrə perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Horizon 2020 Proqramının nəticələri, hazırkı Horizon Avropanın hədəfləri, 2023-2024-cü illər üçün iş proqramı, çağırış mexanizmləri, müraciət üçün tələblər və maliyyə imkanları haqqında ətraflı məlumat verib.

Mariya Sklodovska-Küri fəaliyyəti (MSKF) üzrə MƏŞ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov bu proqramın 5 istiqaməti əhatə etdiyini, təcrübəli və gənc tədqiqatçılar üçün kollektiv və fərdi qrantların nəzərdə tutulduğunu vurğulayıb. Doktorant və postdoktorant səviyyəsində təqaüd və mübadilə proqramlarının alim və mütəxəsisslər üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. O, “Horizon Avropa” çərçivəsində MSKF üçün nəzərdə tutulmuş büdcə, maliyyə mexanizmləri və onlara müraciət yolları haqqında məlumat verib. Məruzəçi Proqram çərçivəsində iştirakçısı olduğu layihə üzrə təcrübəsini də bölüşüb.

Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova “COST proqramı çərçivəsində imkanlar” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, bu proqram “Horizon Avropa” çağırışlarına qoşulmaq üçün ilkin addım kimi qəbul edilə bilər. Azərbaycan alim və mütəxəssislərinin Avropa, Şərq Tərəfdaşlığı və yaxın qonşu ölkələrdən olan həmkarları ilə birlikdə konsorsiumlara daxil olmaq üçün geniş imkanlar yaradır. Məruzədə Azərbaycan mütəxəssislərinin son illərdə əldə etdiyi nailiyyətlər və hazırda 30-a yaxın layihədə iştiraklarına dair göstəricilərə də yer verilib.  

Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə MƏŞ, Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynurə Həsənova bu istiqamət üzrə 2023-2024-cü illər iş proqramında nəzərdə tutulmuş çağırışlar və onların müəyyənləşdirilməsi haqqında məlumat verib, onlara müraciət qaydalarını izah edib.

Ərzaq, bioiqtisadiyyat, təbii ehtiyatlar, kənd təsərrüfatı və ətraf mühit istiqaməti üzrə MƏŞ, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev müvafiq istiqamət üzrə 2023-cü ildə elan edilmiş çağırışlara dair təqdimat edib. Məruzəçi, həmçinin beynəlxalq proqramlara qoşulmaq və fərdi qrantlardan istifadə etmək üzrə təcrübəsini gənc tədqiqatçılarla bölüşüb.

Tədbirdə “Horizon Avropa” çərçivəsində yeni çağırışlar və layihələrin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023