ANA SƏHİFƏXƏBƏRLƏR
01.04.2016 09:38
Könül Bünyadzadə Türkiyənin 29 Mayıs Universitetində elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun fəlsəfə üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 01.04.2016-01.02.2017-ci il müddətində “Fəlsəfədə İlahi və Bəşəri Eşq: Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr)” mövzusunda elmi tədqiqat məqsədi iləTurkiyənin Istanbul şəhərində 29 Mayıs Universitetində elmi ezamiyyətdə olmuşdur.

Tədqiqat 29 Mayıs Universitetinin Fəlsəfə bölümünün başçısı Prof. Dr. Tahsin Görgün ilə tərəfdaşlıqda həyata keçirilmişdir.Tədqiqat işi Türkiyə Bilimsel ve Teknolojik Araştırma Kurumunun (TÜBİTAK) BİDEB Değerlendirme və Destekleme Kurulu tərəfindən maliyyələşdirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Araşdırma 3 fəsildən ibarətdir: a) Fəlsəfədə eşqin tarixi və ilahi və bəşəri eşqin müqayisəli təhlili; b)       Qadın filosofların tarixi və onların fəlsəfə tarixində yeri və rolu; c) Rabiə əl-Ədəviyyənin fəlsəfəsi və Edith Steinin fenomenologiyası arasında müqayisəli təhlil. Araşdırma iki qadın filosofun – Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Steinin (XX əsr) eşq haqqında görüşləri əsasında aparılıb. Rabiə əl-Ədəviyyə və Edith Stein fərqli dövrlərdə yaşamış və fərqli dinlərə (İslam və Xristianlıq) etiqad göstərsələr də, fəlsəfə tarixində öz dünyagörüşlərinə və Allah-insan əlaqəsinə dair mövqelərinə görə onları çox yaxın və oxşar hesab etmək olar.    

Aralarındakı zaman, din və fəlsəfi mövqe – Təsəvvüf və Fenomenologiya – fərqinə baxmayaraq, eşq və mərhəmət ideyası onları birləşdirir. Beləliklə, hazırki tədqiqat eşqin universal konsepsiyalarını açmaqla yanaşı, fəlsəfə tarixində kişi və qadın filosofların sevgi haqqında düşüncələri arasında da bir balanslaşdıran körpü yaratmış olur.

Filosofların görüşlərində 3 əsas xətt qarşılıqlı şəkildə öyrənilir – din, fəlsəfə və ictimai mühit. Eşq yalnız cinslərarası bir əlaqə kimi deyil, həm də obyektivlik və tolerantlıq kimi iki prinsipdən keçənmənəvi kamilləşmənin yolu kimi nəzərdən keçirilir. Beləliklə, qadın filosofların görüşlərinin din və ictimai mühit kontekstində öyrənilməsi eşqi bir universal ideya kimi təqdim etməyə imkan yaradır. Bundan başqa, bu, həm də maskulin görüşün yanında onu tənzimləyən feminin görüşün də zəruriliyini əsaslandırır.    

Araşdırma Rabia əl-Ədəviyyə və Edith Steinin görüşlərində fərqli və oxşar xüsusiyyətləri aşkara çıxarmaqla yanaşı, həm də tolerantlığın və empatiyanın köklərini göstərmiş olur.Hər iki filosof öz dininin sadiq qulluqçusu olmaqla yanaşı, həm də öz mühitinə ciddi təsir göstərə bilmiş şəxsiyyətdir. Onlar ilahi və bəşəri eşqi yalnız öz əsərlərində deyil, həm dəöz şəxsiyyətlərində təcəssüm etdirmişlər. Onların ideyaları yalnız qadınlar üçün deyil, bütün insanlıq üçün çox əhəmiyyətli hesab edilə bilər. Bu baxımdan, onların tədqiqi bir təsadüf deyil, zərurətdir.

“Fəlsəfədə İlahi və Bəşəri Eşq: Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr)” kitabının üç dildə: Azərbaycan, Türk və İngilis dillərində nəşr edilməsi planlaşdırılır. Kitabın türkcə nəşrinə layihənin tərəfdaşı 29 Mayıs Universitetinin Fəlsəfə bölüm başçısı Prof.Dr. Tahsin Görgün, İngilis dilində nəşrinə isə Vatikanın Lateran Universitetinin Professoru Francesko Alfiyerinin ön söz yazması planlaşdırılır.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Tədqiqat işinin nəticələri fəlsəfə tarixinin, Təsəvvüf tarixi və fəlsəfəsinin, Rabiəəl-Ədəviyyənin fəlsəfəsinin, eşq tarixinin, fenomenologiya və Edith Steinin fenomenologiyasının, dinlərarası dialoqun, filosof qadınların tədqiqatçıları, həmçinin tələbələr üçün qiymətli töhfə hesab edilə bilər.

Elmi səfər müddətində K.Bünyadzadə tədqiqat mövzusunun nəticələri üzrə 29 Mayıs Universitetində təşkil edilən 3 elmi konfransın əsas məruzəçisi olmuşdur: Fəlsəfədə İlahi və Bəşəri eşq; Fəlsəfə tarixində qadın filosoflar; Rabiə əl-Ədəviyyə və Edith Stein səbəb olur.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023