ANA SƏHİFƏXƏBƏRLƏR
01.08.2016 10:13
Mehrac Abbasov ABŞ-ın Şimali Dakota Dövlət Universitetində elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov 01 Avqust – 31 Oktyabr,  2016-cı il tarixlərində “Azərbaycan mənşəli buğda, arpa və onların yabanı əcdadlarının genetik müxtəlifliyinin Yeni Nəsil Sekvenser texnologiyaları ilə qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat məqsədilə ABŞ-ın Şimali Dakota Dövlət Universitetində elmi ezamiyyətdə olmuşdur.

Tədqiqat ABŞ-ın Şimali Dakota Universitetinin professoru Robert Brueggemanın rəhbərliyi ilə həyata keçirilmişdir. Tədqiqata ABŞ Dövlət Departamentinin Fulbright proqramı çərçivəsində maliyyə dəstəyi göstərilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Yeni Nəsil Sekvenser (YNS) texnologiyasından istifadə etməklə, Azərbaycan Milli genbankında saxlanılan buğda, arpa və onların yabanı əcdadlarının genetik müxtəlifliyi tədqiq edilmiş, ilk dəfə olaraq, buğda genomu üçün spesifik Tək Nukleotid Polimorfizmi (TNP) markerlərindən ibarət yeni panel yaradılmışdır. Proqram çərçivəsində YNS texologiyaları üzrə ən müasir protokollar mənimsənilərək azərbaycan dilində təlimat hazırlanmışdır. Buğda bitkisi ilə yanaşı, Şimali Dakota Universitetinin Genomika laboratoriyası tərəfindən hazırlanmış 365 praymerlik paneldən istifadə etməklə, Azərbaycan mənşəli 86 yabanı və 85 mədəni arpa  nümunəsinin genetik identifikasiyası həyata keçirilmiş, sekvens əsasında genotipləşdirmə üsulu ilə Aegilops növlərinin genetik müxtəlifliyi təyin edilmişdir. Tədqiqat materialı olaraq seçilmiş buğda və arpa nümunələrində TNP markerləri ilə yanaşı, USDA ilə əməkdaşlıq şəraitində SSR və gen spesifik KASP markerləri vasitəsilə genetik variasiyanın təyini və bir sıra genlərin skrininqi üzrə tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir.

            İlk dəfə olaraq: a) buğda genomunu əhatə edən 830 TNP praymeri (60 gen spesifik praymer də daxil olmaqla) dizayn edilərək yeni panel hazırlanmış və çoxpraymerli amplikon sekvensləmə metodu ilə Azərbaycan Milli Genbankında saxlanılan 170 diploid, 178 bərk və 172 yumşaq buğda nümunəsinin genetik müxtəlifliyi öyrənilmişdir. A genomu üçün 160, B genomu üçün 180, D genomu üçün isə 120 polimorf marker müəyyənləşdirilmişdir; b) Azərbaycan və Gürcüstandan toplanmış 88 Aegilops nümunəsi  sekvens əsasında genotipləşdirilmiş və 1250 TNP identifikasiya edilmişdir; c) 11 gen spesifik KASP markerindən istifadə etməklə, Milli Genbankdan olan 178 yumşaq buğda nümunəsinin müvafiq genlər üzrə skrininqi aparılmışdır. Nəticədə 16 nümunədə Lr34, 31 nümunədə GluD1 geni aşkar edilmişdir. Bir genotipdə 3 B xromosomunda, 48 genotipdə isə 5 A xromosomunda yerləşən FHB geninə təsadüf edilmişdir. Azərbaycan mənşəli bir yumşaq buğda nümunəsində Fuzarioz soluxma xəstəliyinə davamlılıq geni tapılmışdır; d) 365 TNP praymerlik panel vasitəsilə 86 yabanı (Hordeum spontaneum L.) və 85 mədəni (Hordeum vulgare L.) arpa nümunəsi genotipləşdirilmiş və 780 TNP aşkar edilmişdir; e) Azərbaycan mənşəli arpa nümunələrində genom boyu assosiativ xəritələmə aparılmış və məhsuldarlıq elementləri ilə əhəmiyyətli dərəcədə ilşikli olan 6 yeni TNP aşkar edilmişdir; f) 11 SSR praymeri ilə diploid buğda kolleksiyasında zəngin genetik müxtəlifliyin olması aşkar edilmiş, T. boeoticumT. monococcum növlərinin genetik cəhətdən bir-birinə daha yaxın, T. urartu növünün isə onlardan uzaq olduğu təsdiqlənmişdir.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Tədqiqatın nəticələri əsasında Azərbaycanda buğda və arpa bitkisinin zəngin biomüxtəlifliyinin mövcudluğu sübut edilmiş və yeni sortların yaradılmasında bu müxtəlifliyin rolu və tətbiq istiqamətləri müəyyənləşdirilmişdir. YNS texnologiyaları vasitəsilə əldə edilmiş TNP markerlər Milli Genbankda saxlanılan buğda və arpa bitkisi üzrə özək kolleksiyanın yaradılmasında istifadə olunacaq ki, bu da onların seleksiyada birbaşa istifadə imkanlarını daha da asanlaşdıracaq. Müxtəlif xəstəliklərə qarşı davamlılıq genləri aşkar edilmiş nümunələrdən seleksiyada yeni davamlı sortların yaradılmasında istifadə ediləcəkdır.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019