ANA SƏHİFƏXƏBƏRLƏR
08.09.2016 10:58
Rəcəb İsmayıllı Siegen Universitetində elmi ezamiyyətdə olmuşdur

 Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Rəcəb İsmayıllı 3 ay müddətində Almaniyanın Siegen Universitetinin Maye Mexanikası kafedrasında “Astrofiziki maneələrin qeyri- bircins plazma axınında yaratdıqları akustik turbulensiyanın tədqiqi” mövzusu üzrə elmi ezamiyyətdə olmuşdur.

Tədqiqat  Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Almaniyanın Siegen Universitetində professor  Giorgi Xujadzenin rəhbərliyi altında həyata keçirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Səfərin məqsədi Astrofizika sahəsində beynəlxalq əlaqələrin yaradılması və birgə elmi-tədqiqat işlərinin aparılmasıdır. Bu məqsədlə Siegen universitetinin əməkdaşları ilə birlikdə kosmik şəraitdə qeyri-bircins plazma axınlarında astrofiziki maneələr nəticəsində yaranan akustik turbulensiyanın Overture proqramının köməyi ilə ədədi simulyasiya modelinin qurulması məsələsinə baxılmışdır. İlk mərhələdə Linux əməliyyat sistemində Overture proqramı yüklənilmiş və onun bütün imkanları öyrənilmiş, eyni zamanda həmin proqramla bir neçə hidrodinamik məsələ nümunə olaraq modelləşdirilmişdir. Məsələn, plazma kütləsinin dairəvi silindrik maneə üzərindən axını və həmin maneədən sonra yaranan fiziki proses ətraflı tədqiq edilmişdir. Daha sonra superkomputerdən istifadə etmək bacarığı əldə olunmuş, nümunələr paralel hesablama ilə yerinə yetirilmişdir. Növbəti mərhələ olaraq sıxılan maye halı üçün Navye-Stoks tənliklərinin saxlanma formasının diskretləşmə üsulu ilə nəzərdə tutulan məsələnin Overture proqramında modelinin qurulması işinə başlanılmışdır.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Böyük sürətli maye axınlarında turbulensiya prosesinin simulyasiya modellərinin qurulmasının həm aviasiya və kosmos sənayesində, həm də kosmos fizikasında çox geniş tətbiq sahələri vardır. Uyğun parametrlərdə astrofiziki proseslərin adı çəkilən proqramın köməyi ilə öyrənilməsi bu sahədə ilk tətbiqi əhəmiyyətə malik olan iş hesab olunur. Məsələn, ifrat səs sürətinə malik Günəş plazma atılmalarının Yerin maqnitosferinə çırpılması onun arxasında güclü turbulensiya yaradır ki, bu da maqnit qasırğalarının əsas mənbəyi hesab edilir. Belə həyəcanlaşmalar eko-, texno- və biosistemlərə birbaşa təsir edirlər.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019