ANA SƏHİFƏXƏBƏRLƏR
29.05.2016 11:12
Şamo Tapdıqov Tayvanın Milli Tsinq Hua Universitetinın Kimya Mühəndisliyi Departamentində elmi tədqiqat işi aparmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Şamo Tapdıqov 29.05.2016 – 30.07.2016-cı il tarixlərində “Poloksamer-polipeptid tərkibli temperatura həssas hidrogellərin sintezi və onlara şiş əleyhinə istifadə olunan doksorubisin antibiotikinin yüklənilməsi” adlı elmi tədqiqat işini həyata keçirmək məqsədilə  Tayvanın  Hsinçu şəhərində yerləşən Milli Tsinq Hua Universitetinın  Kimya Mühəndisliyi Departamentində elmi ezamiyyətdə olmuşdur.

Tədqiqat işi professor I-Ming Chu və Prof. Kan Sen Chounun rəhbərliyi altında həyata keçirilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Temperatura həssas gellər polietilenqlikolun metil efirinin L-alanin və Benzilaspartik amin turşularının N-karboksianhidridləri ilə polikondensləşməsindən sintez edilmiş və onların fiziki-bioloji xassələri in vitro şəraitdə öyrənilmişdir. O, polimerlərin sintezi və xarakterizə olunması, hidrogellər və misellanın formalaşmasının öyrənilməsi ilə dərman daşınması, inkişaf etdirilməsi və materialların emalında əhəmiyyətli təcrübi vərdişlər qazanmışdır. Öyrəndiyi texnologiya  ölkəmizdə tibblə əlaqəli materiallara dair daha çox tədqiqatlar aparmağa imkan verəcəkdir. O həmçinin  skanedici elektron mikroskop, reometr, nanohissəciklər üçün lazer səpilmə, FTIR kimi müxtəlif cihazlarda işləmə treninqi keçmişdir. O,amin turşuların trifosgen ilə N-karboksianhidridlərə çevrilməsi, metoksi polietilen qlikolun aminləşməsi (mPEG) və tsiklin açılması ilə mPEG-polialanin-poliaspartik turşusu ilə polikondensləşmə reaksiyasını öyrənmişdir. Nəticədə polimer müxtəlif qatılıq və temperaturlarda misella və hidrogellərə çevrilmişdir. O, həmçinin reaktorun qurulması, hər bir reaksiya üçün reagentlərin hazırlanması və necə təmizlənməsi prosedurlarını sərbəst  yerinə yetirməyi öyrənmişdir.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Son onilliklərdə Azərbaycanda kişilər arasında ağciyər, traxeya və bronxial xərçəngi xəstələrinin sayı artıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sonuncu hesabatına əsasən, Azərbaycanda insanların 11 faizi onkoloji xəstəliklərdən dünyasını dəyişib. Bu rəqəmin 2020-ci ilə qədər artacağı təxmin edilir. Kişilər arasında ağciyər, traxeya və bronxial xərçəngi olan xəstələrin artması üçün əsas səbəb tütündür. Bunu (ixracın azaldılması, vergilərin artırılması və ya dayandırılması) iqtisadi cəhətdən həll etmək mümkün deyil. Əksinə, xəstəliyin müalicəsinin ilkin mərhələsində informativ və effektiv üsullardan istifadə etmək olar. Hal-hazırda kimyəvi terapiya və cərrahiyyə ölkəmizdə bu xəstəliyə malik xəstələrin müalicəsində geniş istifadə olunur. Bu isə bir müddətdən sonra ciddi nəticələrə və ya ölümə səbəb olur. Antibiotiklərin müasir formaları, xüsusilə doksorubisinin tətbiqi demək olar ki, mövcud deyildir. Müalicə metodlarının seçilməsi və ya yeni dərman formalarının hazırlanması və ya təklif edilməsi tədqiqatçiların üzərinə düşür. Bunun üçün şiş əleyhinə istifadə olunan doksorubisin antibiotiki, onun polimer materiallarla formaları, çatdırılması və nəzarətli ayrılması sahəsində ən son elmi tədqiqatları araşdırılıb. Bununla yanaşı doksorubisinin uzun müddət nəzarətli ayrılması üçün polimer əsaslı nanogellərin sintezi aktual bir sahədir. Bizim ölkəmizdə bu sahədə tədqiqat mərkəzləri və tədqiqatçılar yoxdur. Buna görə də, xərçəngin müalicəsi üçün dərmanların daşınmasını həyata keçirən polimer nanogellərin sintez üsullarını və metodlarını tam şəkildə mənimsəməklə gələcəkdə bu sahənin davam etdirilməsi gənc tədqiqatçının qarşısına qoyduğu əsas vəzifələrdəndir.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019