ANA SƏHİFƏXƏBƏRLƏR
04.12.2014 17:15
Anar Rəhimov Fransanın Marsel şəhərində Frenel Elmi-Tədqiqat İnstitutunda elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov 04.12.2014-cü ildən 2 il müddətinə “İnsan beyninin mikrodalğalı dəqiq təsviri üçün tərs məsələlərin yeni ədədi həll üsullarının işlənməsi” mövzusunda elmi-tədqiqat məqsədilə Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda elmi ezamiyyətdə olmuşdur. 

Tədqiqat Frenel İnstitutunun HIPE qrupunun rəhbəri, professor Amelie Litmanın rəhbərliyi altında həyata keçirilmişdir. Elmi-tədqiqat işinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən maliyyə dəstəyi göstərilmişdir.

Tədqiqatın məqsədi və nəticələri: Bu məsələ Frenel İnstitutu qarşısında Fransa Alternativ Enerji və Atom Enerjisi Komissarlığı (CEA, Paris, Fransa) tərəfindən qoyulmuşdur.

Elektrik xüsusiyyətlərinin Maqnit Rezonans Tomoqrafiyası (EXMRT) yalnız insan bədəninin anatomik və funksional xüsusiyyətlərini əldə etmək üçün yox, həmçinin onun elektromaqnit xüsusiyyətlərinin (dielektriklik əmsalı və keçiricilik) yüksək dəqiqlikli kəmiyyət təsvirini əldə etmək üçün tətbiq oluna bilər. Anar Rəhimov elektrik sahəsinə nəzərən Helmholtz tənliyi ilə təsvir olunan tərs məsələni ilk dəfə şərti optimallaşdırma məsələsinə gətirərək, Maqnit Rezonans Tomoqrafiyası (MRT) qurğularından ölçmə nəticəsində əldə oluna bilən maqnit sahəsi əsasında insan beyninin kompleks dielektriklik əmsalının bərpası üçün EXMRT qradiyent əsaslı tərsədədi alqoritmlərin işlənməsi ilə məşğul olmuşdur. Sonlu elementlər üsulu ilə düz məsələni həll etmiş, uyğun qoşma sahə tənliyini və qradiyentlərin düsturlarını almış, kvazı-Nyuton minimallaşdırma sxemini tətbiq edərək, düz və tərs məsələlər üçün MRT problematikası ilə Mikrodalğalı görüntü alqoritmlərinin xüsusiyyətlərini adekvat şəkildə birləşdirən instrumental proqram vasitələrini işləmişdir. Bundan əlavə, təcrübə müddətində parabolik və hiperbolik tip tənliklər üçün qeyri-lokal tərs məsələlərin tədqiqi və ədədi həll üsüllarının işlənməsi ilə məşğul olmuşdur.

Tədqiqat nəticələrinin tətbiq imkanları və əhəmiyyəti: Bu məsələlər beyin tomoqrafiyası kimi tibbi tətbiqlər üçün praktiki əhəmiyyət kəsb edir. Belə ki, hal-hazırda MRT skanerləri insan bədəninin daxilinin anatomik quruluşunu vizuallaşdırmaqla yanaşı, insan bədəni daxilindəki dielektriklik əmsalı və keçiricilik xüsusiyyətlərinin kəmiyyətcə paylanmasını təmin edə bilər. Bu yanaşma dielektriklik əmsalının böyük variasiyasını yaradan patologiya sahəsində diaqnostikada faydalı ola bilər. Misal üçün, xərçəngə yoluxmuş toxumalar geniş elektromaqnit tezlikli spektrdə sağlam toxumalarla müqayisədə müxtəlif elektromaqnetik qiymətlərə malikdir və onların bir çoxunda keçiriciliyin qiymətinin artması müşahidə olunur. Məlumdur ki, iflic, qanaxma, hidropos, iltihab və s. kimi bir çox xəstəliklər də toxumanın məlum elektromaqnetik xüsusiyyətlərinə təsir edir. MRT həmçinin yüksək və ultra-yüksək maqnit sahəsində (bir qayda olaraq 3 Tesladan yuxarı) meydana gələ bilən Xüsusi Udulma Əmsalının (XUƏ) qiymətini daha dəqiq və qabaqcadan fərdiləşdirilmiş formada hesablamağa imkan verir. Beləliklə, kompleks dielektrik əmsalının dəqiq bərpası üsullarının işlənməsi tibbi diaqnostikada mühüm əhəmiyyətə malikdir.

Tədqiqatın əsas nəticələri üzrə 5 məqalə yüksək impakt faktorlu Inverse Problems, Inverse Problems in Science and Engineering, Differential Equations, Automation and Remote Control və s. jurnallarda çap edilmişdir. A.Rəhimov təcrübə müddətində bir çox Beynəlxalq yay məktəblərində, konfrans və simpoziumlarda iştirak etmişdir.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019