ANA SƏHİFƏXƏBƏRLƏR
22.01.2019 16:32
AMEA-da “HORİZON 2020” proqramına müraciətlə bağlı maarifləndirici seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “HORİZON 2020” proqramına müraciət qaydaları ilə bağlı növbəti maarifləndirici seminar keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın Fizika-Riyaziyyat və Texnika və Kimya elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər.

Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Avropa İttifaqının elmi tədqiqat və innovasiyaları dəstəkləyən “HORİZON 2020” proqramı haqqında danışan alim bildirib ki, layihənin məqsədi elmin inkişafının daha yüksək səviyyəyə qaldırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmaqdır.

O, 2020-ci ildə başa çatacaq layihənin büdcəsinin 80 milyard avro olduğunu, böyük imkanlara malik proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri sırasında “HORİZON 2020” proqramına Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən E.Əlirzayeva elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verib.

Sonra “HORIZON 2020” proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndiricisi İlham Hümbətov, Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi Rövşən Kərimov və Kosmos üzrə milli əlaqələndiricisi Ülkər Qədirova çıxış edərək "HORİZON 2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.

Daha sonra AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Canməmməd Rüstəmov və proqramın Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon 2020" üzrə uğurlu layihələr barədə təcrübələrini bölüşüblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019