ANA SƏHİFƏXƏBƏRLƏR
04.03.2019 09:24
AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib.

Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedur əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, akademiyanın üzvləri, Rusiya Federasiyası (RF) Prezidenti Administrasiyasının, RF hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyyumlar Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər.

Yığıncaqda “Təhsil” və “Elm” milli layihələrinin həyata keçirilməsində Rusiya Təhsil Akademiyasının iştirakı, habelə RTA-nın inkişafına dair perspektiv planlar və ən yaxın genişmiqyaslı layihələr müzakirə edilib.

Yığıncağın ikinci hissəsində akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019