ANA SƏHİFƏXƏBƏRLƏR
02.04.2019 05:45
AMEA ilə Monteneqro Elmlər və İncəsənət Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Aprelin 2-də AMEA Rəyasət Heyətində Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, professor Draqan Vukçeviçlə görüş keçirilib. Əsas məqsəd AMEA-nın əsas fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq və əməkdaşlığa dair memorandumun imzalanması idi.

Görüşdə Monteneqronun ölkəmizdəki fəxri konsulu, Dr. Vüqar Əliyev, AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliŞərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin MustafayevMemarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Beynəlxalq əlaqələr idarəsinin MDB ölkələri ilə əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov da iştirak ediblər.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək qonağa rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, AMEA fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamış, böyük bir elmi məktəb yaratmış, tarixi nailiyyətlərə imza atmışdır.

A.Əlizadə AMEA-nın inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən də danışıb. Ulu öndərin hakimiyyətə gəlişi ilə bütün sferalarda olduğu kimi elm sahəsində də ciddi dəyişikliklərin baş verdiyini, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində mühüm qərarların qəbul edildiyini qeyd edib.

O, AMEA-da ilk dəfə olaraq 2015-ci ildən fəaliyyət göstərən magistratura pilləsi barədə də məlumat verib. Alimin sözlərinə görə, bu təhsil pilləsinin təşkilində əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, elm və təhsilin inteqrasiyasını daha da gücləndirməkdir.

Akademik A.Əlizadə bildirib ki, AMEA-da alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması əsas məsələlərdəndir. O, ötən il bir qrup alimə yüksək elmi nəticələrinə görə “AMEA-nın professoru” elmi adının verildiyini diqqətə çatdırıb.

Bu gün ölkədə elmi fəaliyyətin kommersiyalaşdırılması, innovativ fəaliyyətin inkişafı və yeni texnologiyaların yaradılması istiqamətində AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) müstəsna xidmətləri olduğunu deyən A.Əlizadə YT Parkda innovativ, rəqabətqabiliyyətli məhsulların istehsal edildiyini, innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Alim bu gün Azərbaycan elminin beynəlxalq miqyasda keçirilmiş tədbirlərdə layiqincə təmsil olunduğunu, ölkə alimlərinin dünya elminin tələblərinə cavab verən, multidissiplinar tədqiqatlar apardıqlarını deyib. Qeyd edib ki, alimlərimizin müəllifi olduğu əsərlər dünyanın nüfuzlu nəşriyyatlarında və impakt faktorlu jurnallarında çap olunur, gənc tədqiqatçılar dünyanın nüfuzlu elmi qurumlarında təcrübə keçirlər.

O, Monteneqro Elmlər və İncəsənət Akademiyası ilə də kadr və təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Sonra çıxış edən professor Draqan Vukçeviç Azərbaycana ilk dəfə səfər etdiyini bildirərək, bu görüşün hər iki qurumun gələcək inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib. O, Çernoqoriyada 4 universitetin fəaliyyət göstərdiyini, bu ali məktəblərdən birində Azərbaycan elmi, tarixi və mədəniyyətinə dair dərslərin təşkilinin məqsədəuyğun olduğunu deyib. Bu istiqamətdə Azərbaycandan olan nümayəndə heyətinə lazımi köməkliyi göstərməyə hazır olduğunu vurğulayıb.

Qonaq rəhbərlik etdiyi təşkilatın dünyanın müxtəlif dövlət qurumları və təhsil müəssisələri ilə müqavilələr əsasında əməkdaşlıq etdiyini, bir çox akademiyalarla memorandumların imzalandığını deyib.

MEİA-nın yaranma tarixi haqqında məlumat verən professor qurumun 1971-ci ildən fəaliyyət göstərdiyini, burada 4 elmi bölmə üzrə 45 həqiqi və müxbir üzvün çalışdığını deyib.

Azərbaycan ilə təmsil etdiyi ölkə arasında tarixi dostluq münasibətlərindən söz açan D.Vukçeviç bu gün imzalanacaq sənədin təkcə iki ölkənin elmi qurumları arasında deyil, həm də dövlətlər arasında münasibətlərin təşkili və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. 

O, Azərbaycan alimlərinin məqalələrinin MEİA-da çap edilməsi, eləcə də Monteneqroda müasir Azərbaycanın elm və incəsənətinin inkişafına dair dərslərin təşkili ilə bağlı təklif irəli sürüb.

D.Vukçeviç AMEA prezidentini nümayəndə heyəti ilə birgə Monteneqroya səfər etməyə, rəhbəri olduğu akademiya ilə yaxından tanış olmağa dəvət edib.

Görüşdə, həmçinin etnoqrafiya, sosioloji geologiya, fiziki və geoloji antropologiya, humanitar və digər prioritet sahələr üzrə müzakirələr aparılıb, müvafiq sahələrdə əməkdaşlığa dair ortaq qərarlar qəbul edilib.

Daha sonra iki ölkənin akademiyaları arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik A.Əlizadə və professor D.Vukçeviç imzalayıblar.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019