ANA SƏHİFƏXƏBƏRLƏR
19.04.2019 10:12
"Texnologiya Transfer Menecerləri üçün Təlim" adlı tədbir keçirilmişdir

Avropa Birliyinin təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Belarus Respublikasının paytaxtı Minsk şəhərində "Texnologiya Transfer Menecerləri üçün Təlim" adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının texnologiya transferi və biznes inkubasiya şöbəsinin rəisi Zaur Əhmədzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Hüseyn, Əqli Mülkiyyət Agentliyinin Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin böyük məsləhətçisi Günel Hacıyeva və Sumqayıt Kimya Sənaye Parkının Tədqiqat və İnkişaf Mərkəzinin baş mütəxəssisi Ayaz Allahverdiyev iştirak etmişdir.

Tədbirdə Avropa Birliyinə daxil olan ölkələrin və keçmiş SSRİ-nin bəzi respublikalarının müxtəlif təşkilatlarının nümayəndələri iştirak etmişlər. "SPI" (Portuqaliya) təşkilatının nümayəndəsi Fransisko Rochanın "İnnovasiya Menecçmenti" mövzusunda məruzəsində Avropa Birliyində innovasiya trendləri, innovasiya əlaqələrinin qurulması üzrə tədbir iştirakçılarına ərtaflı məlumat vermişdir.

“Innoconsult International” (Macarıstan) konsaltinq şirkətinin icraçı direktoru Peter Moqyoroşi "Əqli Mülkiyyət Hüquqları" mövzusunda təqdimatında əqli mülkiyyətin kommersiyalaşdırılması üsulları, xüsusilə də, "Elm və Texnologiya" sistemində texnologiyanın transferi barəsində danışmışdır.

Tədbir iştirakçıları təmsil etdikləri təşkilatlarda texnologiyaların transferi üzrə müzakirələr aparmışlar. Bu müzakirələr "Şərq Tərəfdaşlığı Ölkələrində Texnologiya Transferi - Təcrübə Mübadiləsi" çərçivəsində keçirilmişdir.

Tədbirdə müzakirə olunan maraqlı mövzulardan biri də Avropa Komissiyasının «Enterprise Europe Network» (Avropada Müəssisə Şəbəkəsi) olmuşdur ki, kiçik və orta müəssisələr üçün dünyanın ən böyük dəstək şəbəkəsi olaraq, bu müəssisələrin beynəlxalq səviyyədə inkişaf etdirilməsinə kömək edir. "Regional İnkişaf Fondu" (Polşa) nümayəndəsi Lukaş Sakovski sözügedən beynəlxalq şəbəkə, iş metodları və əməkdaşlığın faydaları haqqında məlumat vermişdir.

Səfər çərçivəsində tədbir iştirakçıları Belarus Elmlər Akademiyasının İstilik və Kütlə Transferi İnstitutunun fəaliyyəti, texnologiyaları və onların transferi ilə tanış olmuşlar.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019