ANA SƏHİFƏXƏBƏRLƏR
14.06.2019 11:58
Azərbaycan ilə Rusiya arasında elmi-texniki sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib.

Qeyd edək ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Builki Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

Forum çərçivəsində Sergo Ordzonikidze adına Rusiya Dövlət Geologiya Prospektiv Universiteti, "Rosgeologiya" Səhmdar Cəmiyyəti - Rusiya Dövlət Holdinqi və AMEA arasında elmi-texniki sahələrdə əməkdaşlıq haqqında üç tərəfli saziş bağlanıb. Sənəd Rusiya və Azərbaycanın elmi dairələrinin əlaqələrinin genişləndirilməsi, geologiya sahəsində əməkdaşlığın inkişafı üçün əsas yaradır.

Azərbaycan tərəfindən sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019