ANA SƏHİFƏXƏBƏRLƏR
27.06.2019 05:49
Avropa Komissiyasının "Horizon 2020" Proqramı üzrə növbəti maarifləndirici seminarı keçirilib

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının "Horizon 2020" Proqramı üzrə növbəti maarifləndirici seminarı keçirilib.

Seminarda AMEA-nın elmi müəssisə və təşkilatlarının gənc alimləri, beynəlxalq əlaqələr üzrə məsul şəxsləri, Azərbaycanın digər elm və təhsil ocaqlarının əməkdaşları, həmçinin dövlət qurumlarının nümayəndələri iştirak ediblər.  

Tədbiri idarənin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva açaraq 2014-2019-cu illər ərzində Azərbaycan alimlərinin bu proqramdan istifadəsi, problemlər və perspektivlər haqqında məlumat verib. O, alimləri proqramın geniş imkanlarından yararlanmağa, beynəlxalq əməkdaşlığı genişləndirməyə və xarici həmkarları ilə elmi şəbəkələrə qoşulmağa dəvət edib.

Sonra "Horizon 2020" Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri layihənin müxtəlif istiqamətləri üzrə cari imkanlar və çağırışlarla əlaqəli seminar iştirakçılarını məlumatlandırıb.

Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov "COST Action" çərçivəsində yeni layihələr və onlara qoşulmaq imkanlarını təqdim edib.

Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya üzrə milli əlaqələndirici Nabil Seyidov isə İtalyadan olan həmkarları ilə birlikdə həyata keçirdiyi uğurlu "COST" layihəsi, layihə çərçivəsində reallaşdırılan tədbirlər və alınan nəticələr, "COST"a müraciət yolları, nəzərdə tutulan yeni layihə təklifləri barədə ətraflı məlumat verib.

Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndirici Tofiq Babayev cari "Face-to-Face" görüşləri və elmi əməkdaşlığın qurulmasında onların əhəmiyyətini diqqətə çatdırıb və dinləyiciləri bu imkanlardan istifadəyə təşviq edib.

Maliyyə Aspektləri üzrə milli əlaqələndirici Rüfət Əfəndiyev Rumıniyanın Buxarest şəhərində "İnnovativ müəssisə həftəsi" çərçivəsində "ACCESS4SMES" tərəfindən keçirilən tədbirlər, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndirici Rövşən Kərimov isə Lüksemburqda təşkil edilən "Masterclass Treyninq" və "Tvinninq" layihəsi üzrə toplantıda müzakirə olunan Avropa İttifaqına üzv və Şərq Tərəfdaşlığı ölkələrinin uğurlu təcrübəsi və yeni imkanlarından söz açıblar.

"Horizon 2020" proqramına təqdim edilən layihələrin qiymətləndirilməsində rəyçi kimi iştirak etmiş Fizika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Elçin Cəfərov layihələrə olan tələblər və onlara ekspert yanaşması ilə əlaqəli məlumat verib və bildirib ki, bu proqrama təqdim edilən bütün layihələr diqqətdə saxlanılır, uğurlu olmayanlar ekspert rəyi əsasında təkmilləşdirilərək yenidən göndərildiyində ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Sonda təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019