ANA SƏHİFƏXƏBƏRLƏR
04.07.2019 08:02
Web of Science məlumat platforması üzrə Sertifikasiya Proqramının iştirakçıları ilə görüş keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisələrinin Web of Science məlumat platforması üzrə Sertifikasiya Proqramının iştirakçıları olmuş mütəxəssisləri, beynəlxalq əlaqələr üzrə məsul şəxsləri və Clarivate Analytics-in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüş keçirilmişdir. Görüş zamanı AMEA-nın elmi müəssisələrində Web of Science bazasından istifadə istiqamətində aparılan işlər, mövcud vəziyyət, problemlər və perspektivlər müzakirə edilmişdir. Web of Science üzrə məsul şəxslər çalışdıqları elmi müəssisələrdə bazadan istifadə və elmi məqalələrin nəşri istiqamətində fəallığın artırılması üçün fəaliyyətləri üzrə təcrübə mübailəsi etmişlər.

A.Babazadə son illərdə Azərbaycan alimlərinin və ayrılıqda AMEA-nın müxtəlif elmi müəssisələrinin əməkdaşları tərəfindən impakt faktorlu jurnallarda dərc olunma dinamikası, bu məqalələrin reytinq göstəriciləri və onlara edilən istinadların statistikası haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkə üzrə Web of Science bazasına daxil edilmiş məqalələrin 55%-i AMEA-nın payına düşür və bu istiqamətdə son 3 ildə sıçrayışlı artım nəzərə çarpır.

Tədbirdə yırtıcı jurnallar, onların müəyyənləşdirilməsi və müasir dövrdə elmi ictimaiyyət üçün təhlükə törədən belə jurnallardan müdafiə olunma yolları geniş müzakirələrə səbəb olmuşdur. Mütəxəssislər nüfuzlu jurnallarda dərc olunmaq üçün Web of Science bazasında müvafiq elmi sahə üzrə uğurlu jurnalların düzgün seçimi, onlara müraciət, elmi məqalələrə olan tələbatlar haqqında məlumatlandırılmışlar. Qloballaşan dünyada beynəlxalq səviyyədə əhəmiyyətli elmi nəticələrin alınması və güclü elmi nəşrlərin hazırlanması üçün beynəlxalq elmi əməkdaşlıq, iki və çoxtərəfli layihələrdə iştirak, müştərək tədqiqatların rolu xüsusi qeyd edilmişdir. Bu istiqamətdə AMEA tərəfindən hər il dünyanın müxtəlif ölkələri ilə müştərək elan edilən layihə müsabiqələrinin əhəmiyyəti və onlardan istifadə imkanları ətraflı müzakirə edilmişdir.

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019