ANA SƏHİFƏXƏBƏRLƏR
12.07.2019 14:15
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Pekin və Şanxay şəhərlərində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişlər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlkik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Pekin və Şanxay şəhərlərində keçirilən müxtəlif tədbirlərdə iştirak etmişlər.

Səfər müddətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) prezidenti Sie Fucan arasında görüş keçirilmişdir. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, b.ü.f.d., dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov iştirak etmişlər. Müzakirələr 2016-cı ildə akademiyalar arasında imzalanmış Saziş üzrə əldə edilmiş nailiyyətlər, gələcək müştərək elmi prioritet istiqamətlər ətrafında aparılmışdır. AMEA tərəfindən ÇİEA ilə yanaşı, Pekin Xarici Dillər Universiteti, Çin Mühəndislik Akademiyası və digər elmi qurumlarla geniş və səmərəli əlaqələr, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzinin uğurları diqqətə çatdırılmişdır.

AMEA nümayəndə heyəti ÇİEA və AMEA-nın təşkilatçılığı ilə “İkinci Çin-Azərbaycan İqtisadi Forumu” çərçivəsində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq tədbirdə iştirak etmişdir. Tədbirin açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ÇİEA-nın prezidenti Sie Fucan və Azərbaycan Respublikasının ÇXR-dəki fövqəladə və səlahiyyətli səfirinin müavini Əyyar Hüseynov məruzə ilə çıxış etmişlər. Son illər ölkələr arasında müxtəlif istiqamətlərdə həyata keçirilən böyük layihələr, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əhəmiyyəti və ölkələrimizin bu sahədə əldə etdiyi nailiyyətlər tədbir iştirakşılarının nəzərinə çatdırılmışdır. Forumda çinli alimlərlə yanaşı, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, İnstitutun elmi katibi, i.ü.f.d., dosent Rəsmiyyə Abdullayeva, şöbə müdiri, i.ü.f.d. Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Aqil Eyvazov elmi məruzələrlə çıxış etmişlər. Tədbirdə Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elmi əlaqələrin genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılmışdır.

Çin Xalq Respublikasına səfər çərçivəsində akademik A.Əlizadə Pekin şəhərində keçirilən “Asiya Sivilizasiyaları Dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak etmişdir. ÇXR-nin Sədri Si Cinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfrans müxtəlif ölkələrdən olan çoxsaylı iştirakçıya ev sahibliyi etmişdir. A.Əlizadə konfransın cənab Si Cinpinin sədrliyi ilə keçirilən rəsmi mərasimlərdə, həmçinin ölkənin müvafiq nazirlərinin və digər ölkələrdən olan yüksək rütbəli qonaqların iştirakı ilə keçirilən xüsusi toplantılara dəvət edilmişdir. Konfrans çərçivəsidnə “Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcəyin cəmiyyəti” adlı keçirilən forumda “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın Asiya sivilazasiyalarının inkişafında tarixi rolu, bu istiqamətdə Azərbaycanın son onilliklərdə əhəmiyyətinin genişləndirilməsi və inkişafı üzrə Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük layihələr, “Bir Kəmər, Bir Yol” təşəbbüsü üzrə əldə edilmiş nailiyyətlər öz əksini tapmışdır. Akademik A.Əlizadənin məruzəsi maraqla qarşılanmış və ondan seçmələr ÇXR-in ən böyük ingilis dilli dövlət mətbuatı olan China Daily qəzetində dərc edilmişdir. Həmçinin həmin qəzetin elmi müxbiri Zhang Zhihao AMEA-nın prezidenti ilə geniş müsahibəsini “Çin və Azərbaycanın elmi əməkdaşlığının gələcəyi” başlığı altında dərc Müsahibədə Çin ilə Azərbaycan arasında elmi əməkdaşlıq perspektivləri, bu əməkdaşlığın iki ölkə arasında elm və mədəniyyət mübadiləsinin gücləndirilməsində rolu məsələlərinə toxunulmuşdur.

Konfransda, həmçinin idarəçilik mübadiləsi, sivilizasiyanın müxtəlifliyinin mühafizəsi, mədəniyyət turizmi və insan-insan mübadiləsi, Asiya sivilizasiyalarının qlobal təsiri, irsi və inkişafında gənclərin rolu, qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcəyin cəmiyyəti mövzuları üzrə ətraflı müzakirələr aparılmişdır.

Səfər zamanı AMEA nümayəndə heyətinin ÇİEA-nın Şanxay filialında da görüşü təşkil edilmişdir, yeni yaradılan qurumun elmi istiqamətləri, fəaliyyət prioritetləri və gələcək perspektivləri təqdim edilmişdir. AMEA ilə bu qurum arasında ictimai elmin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq perspektivləri və çinli həmkarların cari ildə AMEA-nın alimləri ilə elmi əlaqələrin qurulması üçün Azərbaycana səfəri üzrə razılıq əldə edilmişdir.

 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2019