ANA SƏHİFƏXƏBƏRLƏR
25.12.2019 11:10
Azərbaycan və Rusiya arasında elmi əlaqələr genişlənir

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyası (REA) Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü Vadim Polonskinin dəvəti ilə həmin institutun elmi şurasının iclasında elmi məruzə ilə çıxış edib.

Əvvəlcə REA-nın müxbir üzvü Vadim Polonski akademik İsa Həbibbəylinin zəngin və çoxcəhətli elmi fəaliyyəti barədə elmi şura üzvlərinə məlumat verib.

İclasda “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” mövzusunda məruzə edən akademik İ.Həbibbəyli Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişaf mərhələləri və əsas istiqamətlərindən, əldə edilmiş mühüm elmi nəticələr və qarşıda duran vəzifələrdən bəhs edib.

Məruzə ətrafında müzakirələrdə akademik Aleksandr Kudelin, filologiya elmləri doktorları, professorlar Kazbek Sultanov, Andrey Kofman, Abuzər Bağırov və Salidə Şərifova, filologiya elmləri namizədi Lyubov Turbina çıxış ediblər. Elmi məruzənin Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun “Elmi əsərlər” jurnalında çap edilməsi tövsiyə olunub.

Bundan başqa, REA-nın Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə keçirilmiş görüşdə iki elmi müəssisə arasında birgə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun "Elmi əsərlər" jurnallarının hər iki ölkənin ədəbiyyatlarına həsr olunan xüsusi buraxılışının hazırlanıb çap edilməsi qərara alınıb. 

Azərbaycanlı alim REA-nın Dünya Ədəbiyyatı İnstitutuna üzərində AMEA-nın emblemi həkk olunmuş Azərbaycan xalçasını hədiyyə edib. Həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna görkəmli rus rəssamı S.Kutuzovun çəkdiyi rəsm əsəri bağışlanıb.

Səfər çərçivəsində akademik İsa Həbibbəyli REA-nın İctimai elmlər üzrə vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə də görüşüb.

Görüş zamanı AMEA və REA-nın 2020-ci ildə Xəzəryanı ölkələrin elmlər akademiyaları ilə birgə keçirilməsi planlaşdırılan "Xəzər dialoqu" beynəlxalq forumunun təşkili məsələləri müzakirə olunub.

Müzakirələrdə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Vətəndaş-hüquqi intizamlar kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rəşad Qurbanov da iştirak edib.

Həmçinin Moskvada "Художественная литература" ("Bədii ədəbiyyat") nəşriyyatında İ.Həbibbəylinin rus dilində 415 səhifədən ibarət "Ədəbiyyat, zaman və müasirlik" adlı kitabı çapdan çıxıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

© AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020