Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının
Beynəlxalq Əlaqələr İdarəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - AMEA) Rəyasət Heyəti aparatının struktur bölməsidir.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, AMEA-nın Nizamnaməsini, AMEA-nın Ümumi yığıncağının və Rəyasət Heyətinin qərarlarını, AMEA-nın prezidentinin sərəncam və əmrlərini və bu Əsasnaməni rəhbər tutur.
1.3. İdarənin fəaliyyətinin əsas məqsədi AMEA-ya həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi zamanı elm, təhsil və digər fəaliyyət sahələrində müxtəlif ölkələrin elm və təhsil qurumları, istehsal müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində əlaqələr yaratmaqdan ibarətdir.
1.4. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən AMEA-nın və dövlət qurumlarının müvafiq struktur bölmələri, həmçinin xarici ölkələrin elm-təhsil müəssisələri və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyətə göstərir.
2. İdarənin fəaliyyət istiqamətləri
2.0. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. AMEA-nın beynəlxalq əlaqələr üzrə konsepsiyasını hazırlayır və həyata keçirir;
2.0.2. AMEA-nın beynəlxalq elmi mühitə inteqrasiyasının genişləndirilməsi imkanlarını və beynəlxalq elmi prioritetləri araşdırır;
2.0.3. AMEA-nın elmi fəaliyyət istiqaməti və prioritetlərinə uyğun olaraq müxtəlif ölkələrin müvafiq elmi qurumlarını müəyyənləşdirir və onlarla əlaqələr yaradır;
2.0.4. AMEA rəhbərliyinin müxtəlif ölkələrin dövlət rəsmiləri və diplomatik nümayəndəlikləri ilə əlaqələr yaradır;
2.0.5..AMEA-nın rəhbərliyini, Rəyasət Heyəti aparatının struktur bölmələrini, elmi müəssisə və təşkilatlarını beynəlxalq elmi yeniliklər və analitik məlumatlarla təmin edir;
2.0.6. beynəlxalq əməkdaşlıq sahəsində AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin, AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini koordinasiya edir;
2.0.7. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən innovativ elmi tədqiqat layihə və proqramlarının həyata keçirilməsinə imkanların yaradılması məqsədilə beynəlxalq elmi qrant müsabiqələrini və proqramları müəyyənləşdirir və cəlb edir;
2.0.8. AMEA-nın, AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq elmi cəmiyyət və birliklərə üzvlüyünü təşkil edir.
3. İdarənin vəzifələri
3.0. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. qlobal və milli elmi prioritetlərə uyğun olaraq, müxtəlif ölkələrin elm və təhsil qurumları, istehsal müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına dair təkliflər və fəaliyyət planı hazırlayır;
3.0.2. AMEA-nın müxtəlif ölkələrin elm və təhsil qurumları, istehsal sahələri ilə əməkdaşlıq perspektivlərini araşdırır və analitik təhlilini təmin edir;
3.0.3. AMEA rəhbərliyinin müxtəlif ölkələrin dövlət rəsmiləri və diplomatik nümayəndəlikləri ilə görüşlərini və müzakirələrini təşkil edir;
3.0.4. Azərbaycan Respublikasının dövlət qurumlarının beynəlxalq əlaqələrə cavabdeh olan struktur bölmələri ilə əməkdaşlıq edir;
3.0.5. AMEA-nın müxtəlif ölkələrin müvafiq elm və təhsil qurumları və beynəlxalq təşkilatlarla elmi əlaqələrinin yaradılması məqsədilə qarşı tərəflərlə müzakirələr aparır;
3.0.6. AMEA rəhbərliyinin xarici tərəfdaşlarla müzakirələrinin aparılması, əməkdaşlıq sənədlərinin imzalanması və beynəlxalq tədbirlərdə iştirakı məqsədilə səfərlər təşkil edir;
3.0.7. müxtəlif ölkələrin elm və təhsil müəssisələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətlərinin Azərbaycana səfər və görüşlərini təşkil edir;
3.0.8. AMEA, AMEA-nın Rəyasət Heyəti aparatının struktur bölmələri, elmi müəssisə və təşkilatları ilə tərəfdaş qurumlar arasında elmi əməkdaşlıq üzrə sənədləri hazırlayır və onların həyata keçirilməsi işində və yenilənməsində fəal iştirak edir;
3.0.9. imzalanmış əməkdaşlıq sənədlərinə uyğun olaraq müştərək layihə müsabiqələrini elan edir, layihə təkliflərini toplayır və qiymətləndirir, seçilmiş layihələrin həyata keçirilməsinə nəzarəti təmin edir;
3.0.10. AMEA-nın alimlərinin beynəlxalq proqram və layihələrdə iştirakı üçün beynəlxalq fondlar və qrantları müəyyən edir;
3.0.11. AMEA alimlərinin beynəlxalq və Avropa elm və innovasiya proqramlarında iştirakı üçün məlumatların yayılması və təbliği işini təşkil edir;
3.0.12. AMEA-nın təcrübəli alimlərinin və gənc mütəxəssislərinin beynəlxalq təlim kurslarında, yay məktəblərində və tədqiqat işlərində iştirakının təşkilinə yardım edir;
3.0.13. xarici ölkələrin elm, təhsil və istehsal müəssisələri ilə müştərək elmi tədbirlərin, sərgilərin və görüşlərin təşkilində iştirak edir;
3.0.14. AMEA-nın, elmi müəssisə və təşkilatlarının beynəlxalq elmi cəmiyyət və birliklərə üzvlük sənədlərinin hazırlanmasında iştirak edir;
3.0.15. beynəlxalq təşkilatların və assosiasiyaların (ittifaqlar, birliklər və s.) fəaliyyətində və toplantılarında iştirak edir;
3.0.16. AMEA-nın elmi müəssisələrinin beynəlxalq əlaqələr üzrə bölmələri ilə mütəmadi əlaqələr saxlayır, onların fəaliyyətini tənzimləyir;
3.0.17. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən təşkil edilən beynəlxalq tədbirlərdə müxtəlif ölkələrdən alim və mütəxəssislərin iştirakının təşkilinə kömək edir;
3.0.18. AMEA rəhbərliyinin, AMEA-nın Rəyasət Heyəti aparatının struktur bölmələri, elmi müəssisə və təşkilatlarının əməkdaşlarının xarici ezamiyyətləri ilə əlaqədar sənədlərin hazırlanmasını təmin edir;
3.0.19. AMEA-nın elmi müəssisə və təşkilatlarına, onların əməkdaşlarına beynəlxalq əlaqələrin yaradılması və həyata keçirilməsi istiqamətində məsləhətlər verir və yardım edir;
3.0.20. AMEA-nın xarici əlaqələrinin inkişafına dair mətbuat üçün materiallar hazırlayır.
4. İdarənin hüquqları
4.0. İdarə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. mövcud qanunvericiliyə uyğun olaraq AMEA-nın xarici tərəfdaşlarla əməkdaşlıq sənədlərini hazırlamaq;
4.0.2. AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrindən, AMEA-nın elmi müəssisə və təşkilatlarından beynəlxalq əlaqələr üzrə zəruri məlumat və sənədləri toplamaq;
4.0.3. müxtəlif ölkələrin müvafiq qurumları ilə danışıqlar aparmaq, əməkdaşlıq sənədləri hazırlamaq və AMEA-nı beynəlxalq tədbir və görüşlərdə təmsil etmək; 4.0.4. idarənin səlahiyyətlərinə aid məsələlər üzrə tövsiyə və təkliflər hazırlamaq;
4.0.5. AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr üzrə bölmələrinin fəaliyyətinə nəzarət etmək;
4.0.6. beynəlxalq əlaqələrin qurulması istiqamətində zəruri olduğu halda AMEA-nın müvafiq elmi müəssisə və təşkilatlarının mütəxəssislərini cəlb etmək;
4.0.7. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək
5. İdarənin fəaliyyətinin təşkili
5.1. İdarəyə AMEA prezidentinin təqdimatına əsasən, AMEA Rəyasət Heyəti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan rəis rəhbərlik edir.
5.2. Rəis İdarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. İdarə rəisinin AMEA Rəyasət Heyəti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan bir müavini vardır.
5.4. İdarə ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki şöbələr vasitəsi ilə həyata keçirir.
5.5. İdarə rəisi aşağıdakı səlahiyyətlərə malikdir: 5.5.1. İdarənin fəaliyyətini təşkil və təmin edir;
5.5.2. İdarəni təmsil edir;
5.5.3. İdarə daxilində vəzifə və iş bölgüsü aparır, şöbələrin və əməkdaşlarının vəzifə təlimatlarını təsdiq edir;
5.5.4. İdarənin işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;
5.5.5. İdarənin struktur və ştat cədvəlini hazırlayır və təsdiq edilməsi üçün Rəyasət Heyətinə təqdim edir;
5.5.6. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlar barədə intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı AMEA prezidentinə təkliflər verir;
5.5.7. İdarənin adından göndərilən sənədləri imzalayır;
5.5.8. İdarənin səlahiyyətlərinə aid məsələlər üzrə AMEA Rəyasət Heyətinin qərar, AMEA prezidentinin sərəncam və digər sənədlərin layihələrini AMEA Rəyasət Heyəti aparatının müvafiq struktur bölmələri ilə razılaşdırır;
5.5.9. İdarənin səlahiyyətlərinə aid məsələlər üzrə vətəndaşlar və təşkilat nümayəndələrinin şəxsi qəbulunu həyata keçirir;
5.5.10. İdarənin fəailiyyət istiqamətlərinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.